Zakzenrinq trasında keçirilən yarışa poul mövqeyindən başlayan Mark Markes beş qırmızı işığın sönməsi ilə əla start alıb və ilk döngəni lider keçib. Qardaşı Aleks Markes də ikinci yerdəki mövqeyini qoruyub.
Startın uduzanlarından biri Fabio Di Cannantonio olub və beşinci yerə geriləyib. Toprak Razqatlıoğlu isə ilk dövrələrdən sonra 16-cı pillədə qərarlaşıb.
Raul Fernandes Ai Oquranı geridə qoyaraq üçüncü yerə yüksəlib.
Dördüncü dövrədə Fabio Di Cannantonio 10-cu döngədə qəzaya uğrayaraq mübarizəni dayandırıb. Bu insident italiyalı sürücünün çempionluq uğrunda mübarizədə vacib xallar itirməsinə səbəb olub.
Yarışa liderlik edən Mark Markes fərqini qoruyarkən, əvvəlcə Xoan Mir, bir neçə dəqiqə sonra isə ikinci yerdə gedən Aleks Markes qəzaya uğrayaraq mübarizəni vaxtından əvvəl başa vurub.
22-ci dövrədə Toprak Razqatlıoğlu ilə Kal Kraçlou arasında 15-ci yer uğrunda gərgin mübarizə yaşanıb. Xal gətirən son pillə uğrunda dueldə üstün olan tərəf Toprak olub. Daha sonra isə Kal Kraçlou üçüncü döngədə qəzaya uğrayıb.
Yarışın son hissəsində Raul Fernandes ilə Ai Oqura arasında ikinci yer uğrunda amansız mübarizə gedib. Oqura uğurlu hücumla rəqibini keçərək ikinci pilləyə yüksəlib. Arxa qrupda isə Xorxe Martin və Françesko Banyaya beşinci yer uğrunda mübarizə aparıblar. Bu dueldən qalib ayrılan Martin olub.
30 dövrədən ibarət yarışın sonunda Mark Markes poul mövqeyindən başladığı mübarizəni qələbə ilə başa vurub. Ai Oqura ikinci, Raul Fernandes isə üçüncü yeri tutaraq podiumu tamamlayıb.
Pedro Akosta dördüncü, Xorxe Martin beşinci, Françesko Banyaya isə altıncı olub. Onların ardınca finiş xəttini Fabio Kuartararo keçib.
Debütant Toprak Razqatlıoğlu isə 15-ci yeri tutaraq, 1 xal qazana bilib.




Şərh əlavə et