Kokpit.az bildirir ki, yeddiqat dünya çempionu bir neçə suala aydınlıq gətirib.
Sual: Lyuis, bu sizin Silverstounda 16-cı podiumunuzdur – möhtəşəm rekorddur. Keçən yarışı necə qiymətləndirirsiniz?
Lyuis Həmilton: “Çox yaxşı yox. Şarl əla iş görüb və layiqli qələbə qazanıb, məndə isə hər şey əvvəldən yolunda getməyib. Falstart etmişəm, iştirak etdiyim 380 yarışda bu, olduqca nadir hallarda baş verib.
Balans arzuolunan səviyyədə olmayıb. Şarl sıralanma turu ilə müqayisədə ön antiqanadın hücum bucağını artırıb, mənim maşınım isə malik olduğumuz differensial sazlanmaları ilə artıq dönmədən əziyyət çəkib. Mən hücum bucağını azaltmışdım, nəticədə yarışın əvvəlində güclü az dönmə yaranıb – o isə sadəcə məndən uzaqlaşıb.
Birinci bölümün ortalarına qədər maşın sadəcə dönmək istəmirdi, differensial sazlanmalarındakı dəyişikliklər hesabına idarəetməni bir qədər yaxşılaşdıra bildim, amma o vaxta qədər geriqalma artıq çox böyük idi. Sonra pit-stopda beş saniyəlik cəza da gəldi – hər şey bir-birinin ardınca baş verib.”
Sual: Siz həqiqətən də çox nadir hallarda falstart edirsiniz. Svetoforun işıqları sönəndə əslində nə baş verib?
Lyuis Həmilton: “Əlim özü tərpəndi. Bunu istəmirdim. Ondan bunu etməsini xahiş etməmişdim. Belə hallar bəzən olur.”
Sual: Tempiniz və Ferrari-nin sürəti baxımından bu həftəsonu hansı müsbət məqamları qoyub?
Lyuis Həmilton: “Bu, əladır. Bu həftəsonu göstərdiyimiz tempi görmək möhtəşəm idi. Biz bunu qətiyyən gözləmirdik. Həftəsonunu yaxşı keçirdik, çoxlu xal qazandıq. Komandaya böyük təşəkkür!”
Sual: Son dövrələrdə boksa girib təkərləri dəyişdiyinizə görə təəssüflənirsiniz? Bəlkə trasda qalıb ikinci yeri qorumaq lazım idi?
Lyuis Həmilton: “Komanda məndən boksa girməyi istədi. Mövqeyi qoruyacağımı düşünürdüm. Əgər mənə: “Boksa girəcək və mövqeyi itirəcəksən” desəydilər, bunu etməzdim.”
Sual: Hazırda Kimi Antonellidən 32 xal geri qalırsınız. Mercedes-in bəzi uğursuzluqları və etibarlılıq problemləri olub. Ferrari-də etibarlılıq problemi yoxdur. Bu faktdan və Ferrari-nin indi yarışlarda necə çıxış etməsindən razısınız?
Lyuis Həmilton: “Çox razıyam. Mövsümə başlayanda proseslərimizin səviyyəsini və yarış həftəsonlarında işimizin keyfiyyətini artırmalı olduğumuzu bilirdik. Keçən il də buna can atırdıq.”
“Komandanın hər bir əməkdaşı böyük töhfə verir və özünü tam ortaya qoyur. Boksdakı uşaqlar çox çalışıblar – və pit-stoplarımız əladır. Bazadakı bütün əməkdaşlar sabitliyi təmin etmək üçün çox işləyiblər və hesab edirəm ki, məhz bu, həlledici amil olacaq.
Görünür ki, bu il güc qurğuları ilə problemlər adətən olduğundan daha çoxdur və Corc Rasselllə Kimi Antonellinin batareyalarında vəziyyətin necə olduğunu bilmirəm, amma məncə, hansısa məqamda cəza gəlməlidir, çünki bu il onları yalnız iki dəfə və ya buna bənzər sayda dəyişmək olar. Bizim əsas vəzifəmiz imkanlarımızın həddində çıxış edərək maksimum xal toplamaqdır, hətta qalib gələ bilməsək belə.”
Sual: Həftəsonu başlamazdan əvvəl Ferrari-nin forması ilə bağlı narahatlıqlarınızı nəzərə alsaq, iki həftədən sonra Spa-da qələbə uğrunda mübarizə apara biləcəyinizi hiss edirsiniz?
Lyuis Həmilton: “Hazırda sürətlə irəliləyirik. Bu həftəsonundan əvvəl simulyator tamamilə fərqli sazlanmalarla başlamağımızı göstərmişdi, amma mühəndislərlə birlikdə adətən izlədiyimiz istiqamət çərçivəsində qalmağa qərar verdik. Şarl ilkin sazlanmalarla başladı, amma sonda mənim seçdiyim istiqamət düzgün çıxdı və o da buna üstünlük verdi.
Təkid etdiyim istiqamətin nəticə verdiyini görmək xoşdur. Dəyişikliklər etməyə davam etmək və tempi azaltmamaq, yenilikləri tətbiq etməyi sürdürmək lazımdır. Spa-da da uzun düzlüklər var, amma nəticədə mən bu həftəsonundan daha yaxşı çıxış etməliyəm.”




Şərh əlavə et