Xəbəri Kokpitdə Oxuyun!

Renault Formula 1-də qalacağını təsdiqləyib

Renault konserninin icraçı direktoru Fransua Provo bildirib ki, şirkət Formula 1-dən getməyi planlaşdırmır və 2030, yaxud 2031-ci ildə atmosfer mühərriklərinə keçidi dəstəkləyir.

Biz investisiya fondu Otro Capital-ın Alpine komandasındakı 24%-lik payını satmaq istəyi barədə dəfələrlə yazmışıq. Renault konserninin icraçı direktoru Fransua Provo bu satışı dəstəkləyib, çünki onun sözlərinə görə, Otro Capital-la əməkdaşlıq komandaya heç nə verməyib.

Bununla yanaşı, əsas səhmdar kimi Renault-nun sentyabradək Alpine-də istənilən sahib dəyişikliyinə veto hüququ var və həmin müddətədək Fransa konserni Otro Capital-ın payı üçün komandaya fayda verə biləcək alıcı tapmağa ümid edir.

Fransua Provo: “Komandanı biz idarə edirik. Otro-nun heç bir hüququ yoxdur və onlar heç bir fayda vermirlər, çünki işimizdə bizə kömək etmirlər. Komandaya görə tam məsuliyyət Renault-nun üzərindədir, Otro ilə tərəfdaşlıq isə uğurlu alınmayıb.”

“Düşünürəm ki, biz vəziyyəti birlikdə qiymətləndirə bilərik. Onlar səhmlərini satmaq və yaxşı gəlir əldə etmək istəyirlər. Amma satış üçün bizim razılığımız lazımdır və biz gec-tez bunu verəcəyik. Operativ fəaliyyət baxımından bunun heç bir təsiri olmayacaq və mənim üçün ən vacibi də budur.”

“Satış məsələsində heç bir təcililik yoxdur və yeni tərəfdaş axtararkən iki prinsipə əməl edəcəyik. Birincisi, Renault komanda üzərində nəzarəti saxlayacaq, öz səhm payımızı satmaq planımız yoxdur.”

“İkinci prinsip ondan ibarətdir ki, əgər Otro səhmləri satsa, yeni səhmdarla müəyyən əməkdaşlıq səviyyəsinə, ortaq məqsədə və ortaq maraqlara malik olacağımıza əmin olmaq istəyirəm. Buna görə tələsmirəm.”

Fransua Provo əlavə edib ki, Renault Formula 1-dən getməyi planlaşdırmır, 2030-cu və ya 2031-ci ildə atmosfer mühərriklərinə keçidi dəstəkləyir, lakin öz güc qurğusunu layihələndirmək və istehsal etmək niyyətində deyil:”Biz Formula 1-də qalmaq istəyirik. Otro-nun səhmlərinin satışı strategiyamızı dəyişməyəcək. İndi vəzifə nəticələrin həqiqətən pis olduğu dövrdə sabitliyi pozulmuş komandanı bərpa etməkdir.”

“Komandanın qarşısına ilkin vəzifə qoymuşam – vəziyyəti sabitləşdirmək və yeni möhkəm əsaslar yaratmaq. Bu mövsüm üçün məqsədimiz budur.”

“Mən V8 mühərriklərinə keçidi dəstəkləyirəm, amma bu, Renault üçün mühərrik istehsalçısı kimi qayıtmaq imkanı yarada biləcəyinə görə deyil. Bu, bizim strategiyamız deyil, hərçənd heç vaxt heç vaxt demə. Amma təkrar edirəm ki, mənim əsas prioritetim qısamüddətli perspektivdə nəticələri bərpa etmək və yeni ambisiyaların formalaşması üçün möhkəm əsas yaratmaqdır. Əsas prioritet məhz budur, öz mühərrikimizi yaratmağa qayıtmaq deyil.”

“Yeni mühərriklərdə elektrik komponentinin payını saxlamaq istərdim, çünki bütün dünyada müştərilərimiz elektrikləşmə istəyirlər, Renault isə elektromobillər və hibridlər sahəsində liderdir. Buna görə güc qurğusunun elektrik komponentinin payını saxlaya bilsək, yaxşı olar, amma ümumilikdə Formula 1 və FIA-nın seçdiyi inkişaf istiqamətini dəstəkləyirəm.”

Yeni nəsil mühərriklərdə turbonu saxlamağın vacib olub-olmaması barədə suala cavab verən Fransua Provo bildirib: “Xeyr, bu, vacib deyil. Vacib olan Formula 1-in böyük yolunu davam etdirmək, daim qarşımıza yeni vəzifələr qoymaq, yeni mərhələlər keçirmək və yeni ideyalar tətbiq etməkdir. Əgər hər il 100 milyondan çox yeni azarkeş cəlb edə bilsək, bu, əla nailiyyət olacaq. Bizim ortaq məqsədimiz budur.”

Gilanur Huseynova

Şərh əlavə et