Sual: Corc, yarış həftəsonu sizin üçün asan olmadı, amma sonda Silverstounda ilk dəfə podiuma yüksəldiniz. Təəssüratlar necədir?
Corc Rassell: Bunu necə təsvir edəcəyimi heç bilmirəm. Çətin həftəsonu alınıb. Nəzarət edə bildiyim məqamlar alınmayıb, nəzarətimdən kənarda olanlar da qaydasında getməyib, nəticədə sürət çatmayıb.
Yarış zamanı Maks və Lyuislə – bütün dövrlərin iki ən böyük pilotu ilə əla mübarizə apardım. Hiss edirdim ki, Maksı keçə bilərdim, Ferrari ilə müqayisədə düzlükdə daha yaxşı sürətimiz olduğuna görə isə Lyuisin qarşısında qala bilərdim. Buna görə Şarl və Kiminin arxasında üçüncü yer ədalətli nəticə olardı.
Amma sonra təkərdə tədricən hava itkisi baş verib. Buna sadəcə inana bilmirdim. Əgər həmin anda mənə ikinci finiş edəcəyimi desəydiniz, bunun necə mümkün olacağını təsəvvür edə bilməzdim. Ona görə də podiuma yüksəldiyim üçün çox sevinirəm.
Sual: Maşının hissiyyatından danışsaq, ötən həftə Avstriyadakı ilə müqayisədə daha yaxşı idi, yoxsa pis?
Corc Rassell: Hissiyyat yaxşı idi, amma sürət çatmırdı. Buna həm məndən asılı olmayan, həm də nəzarət edə bildiyim amillər ciddi təsir edib. Bu maşını anlamaq mənim üçün hələ də çətindir.
Podiuma yüksəldiyimə sevinirəm, amma yenə də, məsələn, Kanadada yarışı lider gedərkən dayandırmalı olduğum mərhələ ilə müqayisədə daha az məmnunam. Titul uğrunda mübarizə aparmaq üçün daha yaxşı çıxış etmək lazımdır. Mən daha yaxşı olmalıyam. Komanda ilə daha yaxşı işləməli, bütün imkanlardan maksimum istifadə etməliyəm. Ferrari ilə gərgin mübarizə aparırıq, ona görə məsələ təkcə mən və Kimi arasında deyil – Lyuis də bizə çox yaxındır. Nəticələri yaxşılaşdırmaq lazımdır.
Sual: Ferrari tərəfindən təhlükəni nə dərəcədə ciddi qəbul edirsiniz?
Corc Rassell: Açığı, bu barədə düşünmürəm. Həll etməli olduğumuz öz vəzifələrimiz var. Üç yarış əvvəl Monakodan 68 xal geriliklə ayrılırdım, indi isə 25 xal geri qalıram. Amma sürət və nəticələr yaxşılaşmasa, bu, əbədi davam etməyəcək.
Sual: Mövsümün əvvəlində bəxtiniz tez-tez gətirmirdi, amma sonra Kimi Barselonada mübarizəni dayandırıb və Silverstounda xal qazanmayıb. Demək olarmı ki, vəziyyət bərabərləşib?
Corc Rassell: Eyni dərəcədə bəxtimizin gətirmədiyini bilmirəm. Amma onun və mənim nəticələrimə əsasən, 25 xallıq geriliyimi ədalətli saymaq olar. Hazırda o, məndən daha yaxşı iş görür, buna görə də məni haqqı ilə qabaqlayır. Bunun 25 xal, 10 xal və ya 35 xal olmalı olduğu müzakirə mövzusudur, amma həmin aralıqdadır. Bilirsiniz, mən də Monakoda cəriməyə görə 15 xal itirmişəm. Düşünürəm ki, 10-30 xal arası gerilik tam ədalətlidir.
Sual: Tamaşaçıların yarışın təhlükəsizlik maşınının arxasında başa çatması xoşuna gəlməyib, onlar narazılıqlarını ifadə edib, tribunalarda fitə basıblar. Elə təəssürat yaranıb ki, yarış az sonra yenidən başlayacaq, amma bu baş verməyib. Məyus oldunuz?
Corc Rassell: Yarış təhlükəsizlik maşınının arxasında finiş edəndə həmişə təəssüf doğurur, amma belə hallar olur. Heç kim insidentin baş verəcəyini əvvəlcədən görə bilməz və Formula 1 ilə FIA-nın yarışın sonunda belə vəziyyətləri həll etməyə yanaşması startdakı yanaşmadan fərqlənməməlidir.
Əlbəttə, Əbu-Dabi-2021-dən sonra çox söhbət olub. Amma son 20 ildə təhlükəsizlik maşınının arxasında finiş edən yarışların sayına baxsaq, onların çox olmadığını görərik. Əlbəttə, təəssüf doğurur, amma nə etmək olar? Düşünmürəm ki, yanaşma fərqli olmalıdır.




Şərh əlavə et