Xəbəri Kokpitdə Oxuyun!

Andrea Stella: Heç bir illüziyamız yoxdur

McLaren komandasının rəhbəri Andrea Stella Britaniya Qran Prisinin nəticələrini şərh edib və komandanın çıxışını birmənalı qiymətləndirməyib.

Andrea Stella: “Silverstoundakı ev yarışımız geridə qalıb. Sprintdə 3-cü və 7-ci yerləri tuta bildik, həftəsonunun əsas yarışında isə Lando Norris 4-cü olub. Oskar Piastrinin isə bəxti gətirməyib. Onun maşını startda baş verən insidentdə zədələnib. Buna görə də yeni ön qanad üçün boksa qayıtmalı olub və çox vaxt itirib. Elə həmin an aydın olub ki, bazar günü onun üçün asan keçməyəcək.

Komanda kifayət qədər çox xal qazansa da, heç bir illüziyamız yoxdur: MCL40 sürət baxımından yalnız dördüncü maşın idi. Sadəcə, başqalarının üzləşdiyi uğursuzluqlardan yararlana bildik. Buna görə həftəsonunun nəticələrini birmənalı saymırıq. Landonun 4-cü yeri pis nəticə deyil, amma saf sürətə baxsaq, bu, layiq olduğumuzdan daha yaxşıdır.

Bununla belə, komanda Landonu son pit-stopa çağıranda əla taktika tətbiq edib. Lando da Qran Pri ərzində yaranan bütün imkanlardan maksimum istifadə etmək üçün düzgün hərəkət edib.

Əlbəttə, biz yarışlarda qələbə qazanmaq üçün iştirak edirik. Amma bu səviyyəyə çatmaq üçün işləməyə davam etməli, maşının effektivliyini artırmağa çalışmalıyıq və hazırda bu istiqamətdə böyük iş gedir. Macarıstan Qran Prisinə bir sıra mühüm texniki yeniliklər hazırlayırıq, buna görə hamını bir az da səbirli olmağa çağırıram. Amma şübhəsiz, irəliləyiş tempini artırmaq və mümkün qədər tez ön sıralara qayıtmaq istəyirik.

Silverstounda inanılmaz sayda azarkeşin olması sevindirici idi. Yarış həftəsonunun üç günü ərzində avtodroma yarım milyondan çox insan gəlib. Azarkeşlərimizin bir qismi tribunada idi, bir qismi bizi evdən dəstəkləyirdi. Hər halda, bu səyahətdə bizi müşayiət etdiyiniz üçün hamınıza böyük təşəkkür edirəm.”

Gilanur Huseynova

Şərh əlavə et