Xəbəri Kokpitdə Oxuyun!

F1-in ehtiyat planı hazırdır

Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali təsdiqləyib ki, Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən Qətər və Əbu Dabi Qran Prilərinin ləğvi lazım gələrsə, çempionat rəhbərliyinin artıq ehtiyat planı hazırdır.

Kokpit.az xatırladır ki, Yaxın Şərqdəki münaqişələrə görə artıq iki Qran Pri – Bəhreyn və Səudiyyə Ərəbistanı – ləğv olunub.

Stefano Domenikali: «COVID-19 pandemiyası dövründə olduğu kimi, yenə də maksimum praqmatik davranmağa çalışmalıyıq. Bəhreyn və Ciddədə yarışların ləğvi həmin vaxt bu Qran Prilərin keçirilməsinin mümkün olmayacağını bilməyimizlə bağlı idi. Üstəlik, biz insanlara sevinc və əyləncə bəxş edən idman növüyük. Yarışları yalnız belə atmosferin mümkün olduğu yerlərdə keçirməliyik və ümid edirik ki, həm Formula 1, həm də ümumilikdə dünya üçün vəziyyət mümkün qədər tez yaxşılaşacaq.

Qətər və Abu Dabidəki promouterlər artıq biletlərin satışına başlayıblar və satışlar çox yaxşı gedir. Amma elə bir məqam gələcək ki, yarışların keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verməli olacağıq.

Formula 1 futbol matçı deyil. Burada sadəcə iki komanda və 22 oyunçu yoxdur ki, hər şeyi asanlıqla dəyişmək mümkün olsun. Bizim üçün Qran Pri təşkil etmək həm logistik baxımdan mürəkkəb, həm də böyük xərc tələb edən prosesdir. Hətta bir yarışı təxirə salmaq belə çətindir, çünki təqvimdə boş tarixlər çox deyil.

Lakin təsdiq edə bilərəm ki, gözlənilməz hallar üçün planımız var. Əgər ilin sonunda keçirilməsi nəzərdə tutulan iki yarış hərbi əməliyyatlar bitmədiyi üçün baş tutmasa, bizim alternativ variantlarımız olacaq”.

Domenikali əlavə detalları açıqlamayıb, amma bir məqamı xüsusi vurğulayıb: əgər Qətər və Abu Dabi mərhələləri keçirilməsə belə, Las-Veqas mövsümün son yarışı olmayacaq.

Stefano Domenikali: “Xeyr, Las-Veqas təqvimdə son yarış olmayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et