Xəbəri Kokpitdə Oxuyun!

Alpine və Gucci tərəfdaş olublar

Gucci moda evi ilə Alpine komandası 2027-ci ildən qüvvəyə minəcək titul tərəfdaşlığı müqaviləsi imzalayıb. Gələn mövsümdən etibarən komanda “Gucci Racing Alpine Formula One Team” adı altında yarışacaq, bolidlər isə Gucci-nin korporativ rənglərində hazırlanacaq.

Bu əməkdaşlıq çərçivəsində “Gucci Racing” adlı yeni biznes və eksperimental platforma da istifadəyə veriləcək. Layihə lüks və idman dünyalarının kəsişməsində performans, dəqiqlik, intizam və mükəmməllik prinsipləri üzərində qurulub.

Gucci-nin prezidenti və baş icraçı direktoru Françeska Bellettini: “Alpine komandası ilə tərəfdaşlıq yeni bir səhifə açır: Gucci Formula 1 komandasında titul tərəfdaşı olan ilk premium moda evi olur. Bu, brendimizin ambisiyalarını və Gucci-nin bu arenada oynamaq istədiyi rolu göstərir.

Bu gün Formula 1 yüksək nəticələrin, mədəniyyətin və qlobal təsirin unikal birləşməsidir, Alpine isə bu konsepsiyanı həyata keçirmək üçün ideal tərəfdaşdır.

Gucci Racing sadəcə start düzümündə yer almaq deyil. Bu, kim olduğumuzu və brendi hara aparmaq istədiyimizi göstərən ifadədir. Bu yalnız başlanğıcdır. Bu ambisiyaları bizimlə bölüşdüklərinə görə Alpine komandasına və Renault qrupuna təşəkkür edirik”.

Alpine komandasının icraçı müşaviri Flavio Briatore: “Gucci kimi prestijli brendin Alpine komandasının titul tərəfdaşı olmasından inanılmaz dərəcədə qürur duyuram.

Gucci ilə tərəfdaşlığın açacağı imkanları və birlikdə qlobal səviyyədə əldə edə biləcəyimiz uğurları səbirsizliklə gözləyirəm.

Enstoundakı komanda hər zaman fərqli yanaşması ilə seçilib və artıq sübut edib ki, moda Formula 1-də ön sıralarda yer ala bilər. Bu tərəfdaşlığın gerçəkləşməsində göstərdikləri etimada və dəstəyə görə Luka de Meoya və Françeska Bellettiniyə təşəkkür etmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et