Xəbəri Kokpitdə Oxuyun!

D.Marrafuski: Yağış nəticəyə təsir etdi

Kanada yarışı quru trasda keçirilsə də, yağış yenə də nəticələrə təsir edib…

 

Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Yarış zamanı yağış yağmadı, amma müəyyən mənada hava şəraiti yenə də yarışın gedişinə təsir göstərdi, xüsusilə də start mərhələsində.

McLaren də daxil olmaqla dörd komandanın hava şəraitinin qəfil dəyişəcəyini düşünərək startda keçid təkərlərə üstünlük verməsi riskli qərar idi. Bu seçim özünü doğrultmadı. Start işıqları sönən kimi məlum oldu ki, yarış quru trasda keçəcək.

Sərin hava digər komandaları ən yumşaq tərkibə güvənməyə məcbur etdi. Daha yüksək ilişməyə malik olan Soft tərkibi, əlavə iki qızdırma dövrəsinin yaratdığı çətinliklərə baxmayaraq, təkərlərin daha tez işlək temperatura çatmasına kömək etdi.

Soft tərkibi bir növ “joker” rolunu oynadı. Sabit performansı sayəsində pilotlar yarışın ilk neytrallaşdırılmasına qədər bu təkərlərlə davam edə bildilər. Amma ən sürətli strategiya yenə də effektivliyini sübut etdi. Alpine pilotlarının Medium-la başlayıb Hard-la finişə çatması bunu açıq göstərdi.

Hətta sərin havada belə dənlənmə zəif idi və stintlərin uzunluğuna ciddi təsir etmədi. Bu da pilotlara tras üzərində mübarizəyə fokuslanmağa imkan verdi və Kanada Qran Prisi yenə də tamaşalı yarış təqdim etdi.

Bu gün yarışın qalibi Kimi Antonellinin vurduğu ən sürətli dövrə, 2025-ci ildə onun komanda yoldaşı Corc Rassellin göstərdiyi ən yaxşı nəticədən cəmi 0.1 saniyədən də az geri qaldı. Bu isə yeni nəsil bolidlərin inkişaf etdiyini göstərir”.

Rauf Hacıyev

Şərh əlavə et