Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Corcla mübarizə əyləncəli idi

Kimi Antonelli Kanada Qran Prisində qələbə qazanaraq Formula 1 tarixində ilk dörd qələbəsini ardıcıl əldə edən ilk pilot olub. 19 yaşlı italiyalı bu dəfə də mövsümün əsas qəhrəmanına çevrilib, baxmayaraq ki, yarışın böyük hissəsində qələbəyə ən real namizəd komanda yoldaşı Corc Russell idi. Lakin onun Mercedes bolidində 29-cu dövrədən sonra ciddi texniki problem yaranıb və britaniyalı mübarizəni dayandırmalı olub.

Kokpit.az bildirir ki, Mercedes komandasının gənc sürücüsü bununla da turnir cədvəlində ən yaxın rəqibi ilə fərqi 43 xala yüksəldib.

Kimi Antonelli: “Corcla mübarizə aparmaq çox əyləncəli idi. Limitdə sürürdük, amma hər şey korrekt şəkildə keçirdi. Güclü külək xüsusilə 10-cu döngədə işimizi çətinləşdirirdi.

Bir dövrədə Corc əyləcləri blokladı və mən önə keçdim, sonra eyni səhvi özüm etdim. Çox sıx mübarizə gedirdi və onun yarışdan kənarda qalmasına görə təəssüflənirəm. Çünki çox maraqlı duel davam edə bilərdi. Amma nəticəni qəbul edirik. Bu, növbəti qələbədir və buna görə çox xoşbəxtəm. Komandama da minnətdaram.

Təkbaşına lider qalanda təkərləri qorumağa çalışırdım. Xüsusilə ön sol təkərdə dənlənmə başlayırdı və bu, qəribə hiss idi, çünki təkər birdən-birə ilişməni itirirdi.

Amma yarışın sonunda yenidən yaxşı temp tapa bildik. İndi artıq növbəti yarışı düşünürəm. Məqsədim eyni şəkildə davam etməkdir. Daha da inkişaf etməliyik, çünki Corc bu həftəsonu çox sürətli idi.

Ferrari, Red Bull və McLaren bizə yaxınlaşacaq, buna görə inkişaf etməyə davam etməliyik. Növbəti yarış Monakoda olacaq və orada bizə asan olmayacaq. Ancaq hər cür ssenariyə hazırlaşmağa çalışacağıq. Mən də öz tərəfimdən mümkün olan hər şeyi edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et