Proqnoz bazar günü üçün yağış göstərirdi. FIA hələ şənbə günündən rəsmi yağış xəbərdarlığı yayımlamışdı. Bazar günü səmanı həqiqətən də qara buludlar örtüb, hava ciddi şəkildə soyuyub və yağış yağıb. Amma sonra hava sakitləşib. F1 Academy pilotları tam yağış təkərlərində yarışıb, Formula 2 isə sliklərlə trasa çıxıb, amma qəzaların sayı kifayət qədər çox olub.
Həftəsonu Mercedes-in üstünlüyü ilə keçib. Komanda mövsümdəki bütün yarışları qazanıb, Kanadaya ən çox yenilik gətirib və bu yeniliklər işləyib. Bununla da Mercedes yenidən rəqiblərdən uzaqlaşıb.
Yeganə sərbəst yürüşdə Antonelli lider olub, sprint sıralama turunu və sprint yarışını isə Rassell qazanıb. Sprint zamanı onlar az qala toqquşurdular və komanda rəhbəri Toto Volff müdaxilə etməli olmuşdu. Əsas sıralama turunu da Rassell qazanıb. Maraqlıdır ki, hər iki sıralama sessiyasında Rassell və Antonelli arasındakı fərq eyni olub – cəmi 0.068 saniyə.
İlk cərgədən Rassell və Antonelli, ikinci cərgədən Norris və Piastri, üçüncü cərgədən isə Həmilton və Ferstappen start alıblar.
Aston Martin qapalı park qaydalarını pozaraq Ləns Strollun bolidi üzərində işləyib və kanadalı pilot yarışa pit-leyn-dən başlayıb.
Startdan əvvəl yağış bir neçə dəfə yenidən çiskin şəklində yağıb və trası azacıq nəm saxlayıb. Amma böyük gölməçələr olmayıb. Pitdən çıxış dövrəsində Kolapinto təhlükəsizlik zonasına çıxsa da, yarışa davam edə bilib. Pilotlar trasda ilişmənin demək olar ki, olmadığını bildiriblər.
Pirelli mərhələyə Hard, Medium və Soft rolunda C3, C4 və C5 tərkibləri ilə gəlib.
Startda təkər seçimləri görünməmiş dərəcədə fərqli olub. Norris, Piastri, Hülkenberq, Bortoleto, Sayns, Peres və Bottas keçid təkərlərlə start alıblar. Lindblad, Kolapinto, Louson və Qasli Medium tərkiblərlə seçib. Qalanların hamısı isə Soft-la yarışa başlayıb. Buna görə də start zamanı ilişmə fərqləri çox böyük olub.
İlk start cəhdi baş tutmayıb. Lindblad radionu açaraq bolidin hazır olmadığını bildirib. Gənc sürücüdə ötürmələr qutusu işləməyib. Onun bolidi yavaş-yavaş pit yoluna qaytarılıb, digər pilotlar isə əlavə isinmə dövrəsinə yollanıblar.
İkinci start cəhdi də alınmayıb. Lindbladın bolidini vaxtında pitə çatdırmaq mümkün olmayıb və pilotlar daha bir dövrə vurmalı olublar. Bu müddətdə bütün təkərlər soyuyub.
Nəhayət Kanada Qran Prisi start götürüb.
Startda Norris liderliyə yüksəlib, Antonelli Rasselli keçib, Həmilton isə Piastrini arxada qoyub. Alonso dörd mövqe qazanıb. Keçid təkərlərlə başlayanlar temp baxımından geridə qalırdılar.
İkinci dövrədə ilk onluq belə olub: Norris – Antonelli – Rassell – Həmilton – Ferstappen – Lekler – Hacar – Kolapinto – Louson – Hülkenberq.
İlk onluqda keçid təkərlərlə gedən yeganə pilot Norris idi və o da birinci olaraq sliklərə keçmək üçün boksa dönüb. Ardınca Hülkenberq, Bortoleto, Sayns, Piastri və Peres də eyni addımı atıblar.
Dördüncü dövrədə Bottas təkər dəyişib.
Beşinci dövrədə ilk onluq: Antonelli – Rassell – Həmilton – Ferstappen – Lekler – Hacar – Kolapinto – Louson – Berman – Alonso.
Yeddinci dövrədə Rassell Antonellini keçərək liderliyi ələ alıb. Kimi onu önə buraxmamağa çalışıb, təkərləri bloklayıb və az qala divara çırpılırdı.
Doqquzuncu dövrədə Ferstappen Həmiltonu keçərək üçüncü yerə yüksəlib. Lyuis isə mühərrik gücünün itdiyini radioda komandaya bildirib. Antonelli Rasselli sıx təzyiq altında saxlayıb. Mercedes pilotları bir neçə dəfə toqquşma həddinə gəlsələr də, yarışa davam ediblər. Hülkenberq pit yolunda sürət həddini aşdığı üçün beş saniyə cəza alıb.
Albon və Piastri 10-cu döngənin sancaq hissəsində toqquşublar. Aleks üçün yarış bununla başa çatıb, Piastri isə stüardlardan 10 saniyə cəza alıb.
16-cı dövrədə Norris boksa girib – mexaniklər yan pontonu təmizləyib və təkərləri dəyişiblər.
18-ci dövrədə Antonelli liderlik uğrunda hücum edib. Rassell sancaq döngəsində səhv etsə də, mövqeyini qoruyub.
20-ci dövrədə ilk onluq: Rassell – Antonelli – Ferstappen – Həmilton – Lekler – Hacar – Kolapinto – Louson – Qasli – Berman.
21-ci dövrədə Hülkenberq, 22-ci dövrədə isə Alonso boksa giriblər. Elə 22-ci dövrədə Antonelli Rasselli keçərək liderliyə yüksəlib.
24-cü dövrədə Kimi səhv edib və Rassell dərhal bundan istifadə edib. Antonelli əks-hücuma keçərək şikanı kəsib. Pilotlar təkərlərlə təmas ediblər və italiyalıya mövqeyi geri qaytarmaq tapşırılıb. Alonso isə boksa dönərək yarışı dayandırıb.
30-cu dövrədə Rassell mühərrik gücünü itirdiyi üçün doqquzuncu döngəni düz keçib və trasda dayanıb. Boliddən tüstü çıxıb, Corc baş dayağını trasın üstünə ataraq kokpitdən çıxıb. Beləliklə, liderliyə Antonelli yüksəlib.
Bununla da VSC rejimi elan edilib və pilotlar təkər dəyişmək üçün boksa üz tutublar.
33-cü dövrədə ilk onluq: Antonelli – Ferstappen – Həmilton – Hacar – Lekler – Kolapinto – Louson – Qasli – Norris – Sayns.
Lekler Hacara hücum edib. Ayzek az qala rəqibini divara sıxışdırırdı, amma mövqeyini qoruyub. O, əyləcləmə zamanı trayektoriyanı dəyişərək çox sərt müdafiə olunub və nəticədə 10 saniyə cəza alıb.
38-ci dövrədə Norris Qaslini keçərək səkkizinci yerə yüksəlib.
39-cu dövrədə isə Lando Norris ötürmələr qutusunun sıradan çıxması səbəbindən yarışı dayandırıb.
40-cı dövrədə Peres qırılmış asılqan ilə boksa qayıdıb. Asılqan pit yoluna giriş əyləclənməsi zamanı öz-özünə qırılıb. 46-cı dövrədə Peresin bolidindən qalan hissələri təmizləmək üçün yenidən VSC rejimi tətbiq olunub. Bottas pit yolunda sürət həddini aşdığı üçün beş saniyə cəza alıb.
53-cü dövrədə yenə VSC elan olunub. Bu dəfə də qırıntıları təmizləmək üçün. Lekler fırlansa da, ciddi problem yaşamayıb. Hacar və Piastri boksa girərək cəzalarını çəkiblər.
Həmilton uzun müddət Ferstappeni ikinci yer uğrunda təqib edib. Amma Ferrari mühərriyi düzlükdə hücum etmək üçün kifayət qədər güclü olmayıb. Buna baxmayaraq, 61-ci dövrədə Lyuis nəhayət Maksı keçməyi bacarıb.
63-cü dövrədə Hacar yenidən boksa girərək təkərlərini dəyişib.
64-cü dövrədə ilk onluq: Antonelli – Həmilton – Ferstappen – Lekler – Hacar – Kolapinto – Louson – Qasli – Sayns – Berman.
65-ci dövrədə Piastri əvvəlcə Bortoletonu, sonra isə Hülkenberqi keçərək 11-ci yerə yüksəlib. Qabriel isə VSC qaydalarını pozduğu üçün beş saniyə cəza alıb.
Kimi Antonelli Kanada Qran Prisini qazanaraq ardıcıl dördüncü qələbəsini əldə edib və çempionatdakı üstünlüyünü daha da artırıb.
Lyuis Həmilton Ferrari ilə ən yaxşı nəticəsinə imza ataraq ikinci olub. Maks Ferstappen isə podiumun üçüncü pilləsinə yüksəlib.
Maraqlıdır ki, finişdə yalnız üç pilot qaliblə eyni dövrədə yarışı başa vurub. Digərləri ən azı bir dövrə geri qalıblar.
Qüvvələr nisbəti yenidən dəyişib və görünür, mövsüm ərzində bu dəyişikliklər davam edəcək. Hələlik dəyişməyən yeganə şey isə qalibin adıdı.
İki həftədən sonra Formula 1 Avropaya qayıdır. Növbəti dayanacaq Monako Qran Prisi olacaq.




Şərh əlavə et