Xəbəri Kokpitdə Oxuyun!

A.Markes iki yarışda yoxdur

Aleks Markes Kataloniya Qran Prisində keçirdiyi ağır qəzanın ardından aldığı zədə səbəbindən MotoGP-nin növbəti iki yarışında iştirak etməyəcək.

Gresini Racing cümə axşamı sosial şəbəkədə paylaşdığı açıqlamada boyunluq və qol askısı taxan Aleks Markesin fotosunu yayımlayıb. Komanda ispaniyalı sürücünün ardıcıl keçiriləcək İtaliya və Macarıstan Qran Prilərini buraxacağını rəsmən təsdiqləyib.

Hələlik Markesi əvəz edəcək sürücünün kim olacağı açıqlanmayıb. Lakin MotoGP qaydalarına əsasən komanda yarışlara mütləq ehtiyat sürücü ilə çıxmalıdır.

Gresini komandasının rəsmi test və ya ehtiyat pilotu yoxdur. Mövsümün əvvəlində Fermin Aldeqer məşq sessiyasında qəza keçirdiyi üçün Tayland Qran Pisini buraxanda, onu Ducati-nin test sürücüsü Mikkele Pirro əvəz etmişdi.

Aleks Markes Barselonadakı yarışda Pedro Akostanın texniki problem yaşayan KTM motosikletinə çırpıldıqdan sonra sağ körpücük sümüyünü sındırmış və əməliyyat olunmuşdu. Əməliyyatdan sonra Madriddəki evinə qayıdan sürücünün yoxlamalarında onurğasında kiçik çat da aşkarlanıb. Bununla belə, həmin zədə üçün təcili əməliyyata ehtiyac olmadığı bildirilib.

Komanda daha əvvəl açıqlamışdı ki, Markesin müalicə planını müəyyənləşdirmək üçün həftə ərzində əlavə tibbi müayinələr keçiriləcək. Ancaq son açıqlamada onurğa zədəsinin vəziyyəti və bərpa müddəti ilə bağlı yeni məlumat verilməyib.

Rauf Hacıyev

Şərh əlavə et