Gresini Racing komandasının yaydığı açıqlamada bildirilib ki, ispaniyalı sürücünün sağ körpücük sümüyü sınıb və o, əməliyyat olunacaq. Bundan əlavə, boyun nahiyəsində yerləşən C7 fəqərəsində kiçik çat da aşkarlanıb. Həkimlər həmin zədəni yaxın günlərdə yenidən qiymətləndirəcəklər.
Qəza Kataloniya yarışının 12-ci dövrəsində baş verib. Yarışa liderlik edən Pedro Akosta motosikletində texniki problem yaşayıb və sürətini azaltmaq məcburiyyətində qalıb. Onun arxasında çox yaxın məsafədə olan Aleks Markes isə reaksiya verməyə macal tapmayaraq yüksək sürətlə Akostanın motosikletinə çırpılıb.
Toqquşmanın təsirindən Markes motosikletdən havaya sovrulub və trasdan kənara düşüb. Qəza zamanı dağılan hissələr arxadakı Fabio Di Ciannantonio, Johann Zarko və Raul Fernandes kimi sürücülərin də problem yaşamasına səbəb olub.
Aleks Markes əməliyyatdan əvvəl sosial şəbəkədə paylaşım edərək vəziyyətinin nəzarət altında olduğunu bildirib: “Hər şey qaydasındadır. İndi əməliyyat vaxtıdır. Daha sonra mümkün qədər tez traslara qayıtmaq üçün bərpa prosesinə fokuslanacağam”.




Şərh əlavə et