Kataloniya yarışında işıqların sönməsi ilə 24 dövrəlik mübarizə başlayıb.
Pedro Akosta ilk döngədə liderliyini qorumağı bacarıb. İlk dövrədən sonra Akosta Raul Fernandeslə arasındakı fərqi təxminən yarım saniyəyə qədər artırıb. Orta qrupdakı gərgin mübarizədə Fabio Di Cianantonio Aleks Markes üzərində təzyiq qurmağa başlayıb.
3 və 4-cü dövrələrdə Yohann Zarko ilə Xorxe Martin arasında gərgin mübarizə yaşanıb. Zarko 3-cü dövrədə etdiyi hücumla dördüncü pilləyə yüksəlsə də, Martin yerini geri alaraq trayektoriyasını qoruyub.
Liderlik ilk dəfə 5-ci dövrədə dəyişib. Raul Fernandes Pedro Akostanı döngədə keçərək liderliyə yüksəlib və fərqi qorumağı bacarıb. Akosta təqibini davam etdirərkən, üçüncü sıradakı Aleks Markeslə fərq bir saniyəni keçib.
7-ci dövrədə Pedro Akosta liderliyi geri almaq üçün Fernandesə gözlənilməz anda hücum edib. Fernandes trayektoriyanı qorumaq üçün döngədə daha erkən qaz verməli olub və az qala tarazlığını itirib, lakin mövqeyini qoruya bilib.
8-ci dövrədə Fabio Di Cianantonio Yohann Zarkonu keçərək beşinci pilləyə yüksəlib. Növbəti dövrədə Fernandes döngələrdə vaxt itirib və Akosta yenidən liderliyə yüksəlib. Ardınca tempini artıran Aleks Markes də Fernandesi keçərək ikinci yerə qalxıb. Enea Bastyanini isə düzlükdə motosikletində yaranan texniki problem səbəbindən yarışı erkən dayandırmalı olub.
11-ci dövrədə Aleks Markeslə Pedro Akosta arasındakı fərq 0.211 saniyəyə qədər enib. Akosta yarış trayektoriyasını uğurla qoruyarkən, Markes yaxın təqibi davam etdirib. Uzun düzlükdə Akostanı keçməyi bacaran Markes döngələr hissəsində mövqeyini yenidən itirib. Həmin anda balansı qorumaqda da çətinlik çəkən Markes bir qədər sürət itirib.
İkilinin mübarizəsi davam edərkən 12-ci dövrədə yarışın ən dəhşətli qəzası yaşanıb. Pedro Akosta, Aleks Markes, Fabio Di Cianantonio və Raul Fernandes hadisədən təsirlənən pilotlar arasında olublar.
Ekrana gələn məlumatlara görə lider Pedro Akosta təkərlə bağlı problem yaşadığı üçün sürəti azaltmalı olub. Əlini qaldıraraq arxadakılara siqnal verməyə çalışan Akostanın qəfil yavaşlamasına yaxın məsafədə olan Aleks Markes reaksiya verə bilməyib və böyük sürətlə KTM-ə çırpılıb. İspan pilot trasdan çıxaraq baryerlərin üzərində havaya qalxıb və uzun məsafə sürüklənib.
Qəzanın yaratdığı qarışıqlıqda yüksək sürətlə gələn Fabio Di Cianantonio isə Markesin havada çevrilən motosikletindən qopan ön təkərə sərt şəkildə dəyərək motosikletdən düşüb. Qəzanın ardından qırmızı bayraq dalğalanıb və yarış dayandırılıb.
Bir müddət sonra Aleks Markesin sol çiynindən zədələndiyi və xəstəxanaya aparıldığı açıqlanıb. Yarışın yenidən start alacağı da bildirilib.
Əvvəlcə yeriməkdə çətinlik çəkən Fabio Di Cianantonio motosikletinə yenidən minməyi bacarıb və ikinci startda iştirak edəcəyi açıqlanıb. Pedro Akosta da ehtiyat motosikleti ilə ikinci starta hazırlaşıb.
Trasın təmizlənməsindən sonra təxminən yarım saat keçdikdən sonra pit yolu yenidən açılıb və pilotlar ikinci start üçün yerlərini alıblar.
İkinci startdan sonra ilk döngədə Yohann Zarko, Françesko Banyaya və Luka Marini arasında daha bir ağır qəza yaşanıb və qırmızı bayraq yenidən göstərilib. Hadisədən sonra bütün pilotlar boksa qayıdıb və yarış bir daha dayandırılıb.
Françesko Banyayanın motosikletinin arxa təkərinə ilişərək motosikletlə birlikdə aşan Yohann Zarko qəzanın ardından uzun müddət yerdə qalıb. Banyaya ayağa qalxa bilsə də, sol biləyini ağrı içində tutduğu görüntülərə əks olunub.
Təhlükəsizlik əməkdaşları və təcili yardım maşını Zarkonu birinci döngədəki çınqıl zonasından çıxarmaq üçün trasa daxil olublar. Fransız pilotun şüurunun açıq olduğu bildirilib.
Təcili yardımla tibbi mərkəzə aparılan Yohann Zarkonun müayinələri davam edib. Aleks Markes isə birbaşa xəstəxanaya göndərilib.
Qəzadan sonra yarışın bir daha — bu dəfə 12 dövrə üzərindən start alacağı açıqlanıb. Trasın təmizlənməsi və müdaxilələrin tamamlanmasının ardından təxminən 20 dəqiqə sonra pilotlar yenidən start düzülüşündə yerlərini alıblar və yarış üçüncü dəfə başlayıb.
Startda liderliyini qoruyan Pedro Akosta ilk döngədən güclü şəkildə çıxıb.
İlk dövrənin sonlarında Raul Fernandeslə Xorxe Martin toqquşaraq çınqıl zonasına çıxıblar. Motosikletini söndürmədən ayağa qalxan Fernandes yarışa davam etsə də, sonuncu pilləyə geriləyib.
5-ci dövrədə Fernandeslə Martinin insidenti ilə bağlı cəza verilməyəcəyi açıqlanıb. Xoan Mir Pedro Akostaya çatmaq üçün tempini artırıb. Fabio Di Cianantonio isə üçüncü sırada təqibi davam etdirib.
7-ci dövrədə Fermin Aldeqer Françesko Banyayanı keçərək dördüncü yerə yüksəlib. Mövqeyini itirən Banyaya tempini də itirib və Ai Oqura tərəfindən keçilərək altıncı yerə geriləyib.
Bitimə 5 dövrə qalmış Fabio Di Cianantonio Xoan Miri keçərək ikinci pilləyə yüksəlib. Pedro Akosta 6-cı döngədə tras xaricinə bir qədər geniş çıxaraq kiçik səhv etsə də, liderliyi itirməyib.
Sonrakı dövrələrdə Pedro Akostanın temp itirməsi ilə ilk beşlik bir-birinə çox yaxınlaşıb. Sonuncudan əvvəlki dövrədə boşluq tapan Fabio Di Cianantonio təhlükəsiz manevrlə Pedro Akostanı keçərək liderliyə yüksəlib.
Pedro Akosta son dövrədə Xoan Mir tərəfindən keçilərək daha bir pillə itirib. Ardınca Fermin Aldeqer də hücum edərək ispaniyalını podiumdan kənarda qoyub. Damalı bayrağa saniyələr qalmış Pedro Akostanın arxasında olan Ai Oqura təmas yaşayaraq Akostanın sərt şəkildə çınqıl zonasına düşməsinə səbəb olub.
Qəzadan qısa müddət sonra Fabio Di Cianantonio finiş xəttini keçərək yarışın qalibi olub. Aleks Markesin qəzasında ciddi zərərdən son anda qurtulan italiyalı pilot zəfər dövrəsini qısa saxlayaraq birbaşa boksa qayıdıb.
Son qəza səbəbindən Ai Oquraya 3 saniyəlik “long lap” cəzası verildiyi açıqlanıb.
Toprak Razqatlıoğlunun da daxil olduğu bir neçə pilotun təkər təzyiqi ilə bağlı araşdırma altına alındığı bildirilib.




Şərh əlavə et