Xəbəri Kokpitdə Oxuyun!

Əfsanə geri qayıdır: Lola T70S

Bir vaxtlar yaxşı tanınan britaniya şirkəti Lola Cars-ın tarixində yeni mərhələ başlayanda və onun zavod komandası Formula E-də debüt edəndə,  onların yol üçün nəzərdə tutulmuş sportkarlar istehsal etmək planları yox idi.

Ən azı iki il əvvəl şirkətin yarış proqramlarının rəhbəri Mark Preston demişdi: “Lola heç vaxt yol avtomobilləri istehsal etməyib və indiki sahiblərin də belə planı yoxdur. Amma kim bilir?..”

Görünür, o vaxtdan planlar bir qədər dəyişib və şirkət öz tarixi və avtoidmandakı uğurları ilə birbaşa bağlı yeni layihəsini təqdim edib.

Lola Cars T70S spor tprototipinin müasirləşdirilmiş replikalarının istehsalına başlayır. Bu model ötən əsrin 60-cı illərinin ortalarında konstruktor Erik Brodlinin layihəsi əsasında yaradılıb. 1966-cı ildə avtomobil ABŞ-da keçirilən Can-Am çempionatında debüt edib və Ford, Porsche, Ferrari kimi istehsalçıların texnikaları ilə rəqabət aparıb. Həmin dövrün ən böyük uğurlarından biri 1969-cu ildə “24 saat Daytona” yarışında Mark Donohyu və Çak Parsons tərəfindən, Penske komandası ilə qazanılan qələbə olub.

İndi isə şirkət arxivlərində qorunub saxlanılan orijinal texniki sənədlərə əsaslanaraq bu modelin məhdud sayda seriyasını istehsal etməyi planlaşdırır və avtomobil iki versiyada təqdim olunacaq.

T70S versiyası yalnız yarış trasları üçün nəzərdə tutulub və artıq FIA sertifikatı alıb, bu da onun tarixi avtomobillər yarışlarında iştirakına imkan verir.

Avtomobilin əsasını alüminium monokok təşkil edir və bu şassidə 5 litrlik Chevrolet V8 mühərriki quraşdırılıb. O, 530 at gücü hasil edir, maksimal sürət 330 km/saat-a yaxınlaşır, 0-dan 100 km/saat-a sürətlənmə isə cəmi 2,5 saniyə çəkir.

T70S GT versiyası isə ümumi yollarda da istifadə oluna bilir. Onun mühərriki bir qədər zəif – 500 at gücündədir, maksimal sürəti isə cəmi 10 km/saat azdır. Bu model yarış xarakterini qoruyub saxlayır, lakin əlavə olaraq iqlimə nəzarət sistemi ilə təchiz olunub, kiçik baqaj üçün yer ayrılıb və daha komfortlu asqı ilə fərqlənir.

Orijinal T70S-dən əsas fərq ondan ibarətdir ki, şassi konstruksiyasında müasir kompozit materiallardan istifadə olunub. Bu isə nisbətən yüngül çəki ilə yanaşı, yüksək möhkəmlik və sərtlik təmin edir.

Ümumilikdə cəmi 16 belə avtomobil istehsal olunacaq. Lola Cars qiyməti açıqlamayıb, lakin britaniyalı ekspertlər onun ən azı 750 min funt sterlinq olacağını proqnozlaşdırırlar.

Rauf Hacıyev

Şərh əlavə et