Çin bazarında sedan kuzalı Passat ənənəsini davam etdirən SAIC-Volkswagen yenilənmiş Passat Pro modelini satışa təqdim edib. 2027-ci model ili üçün satışa çıxarılan yeni sedan zəngin təchizat paketindən əlavə, satışın başlanmasına özəl endirimlər və ilk alıcılara təqdim olunan ömürlük mühərrik zəmanəti ilə seçilir.
Yeni Passat Pro-nun standart qiyməti 172 min yuan təşkil etsə də, model satışa özəl endirimlər nəzərə alınmaqla 139 900 yuandan (təxminən 20 800 dollar) başlayan qiymətlərlə təklif olunur. Volkswagen yeni Passat Pro-nun ilk alıcıları üçün maraqlı kampaniya da hazırlayıb.
Modeli ilk alan sürücülərə səlahiyyətli servisdə texniki xidmət şərti ilə mühərrik və transmissiyanı əhatə edən ömürlük zəmanət təqdim olunur.
Bu sedan tanış mühərrik seçimləri ilə təklif edilir. Standart olaraq təqdim olunan 1,5 litrlik turbomühərrik 160 at gücü və 250 Nm fırlanma anı hasil edir. Daha güclü 2,0 litrlik turbomühərrik isə 220 at gücü və 350 Nm fırlanma anına malikdir.
Hər iki mühərrik 7 pilləli iki muftalı transmissiya ilə birləşdirilir. Volkswagen mühəndislərinin sözlərinə görə, həyata keçirilən təkmilləşdirmələr sayəsində Passat Pro-nun sürüş dinamikası və asfaltla ilişməsi yaxşılaşdırılıb, idarəetmə komfortu isə artırılıb.
Xarici dizaynda toxunuşlar

Dizayn baxımından əvvəlki versiyadan böyük ölçüdə fərqlənməyən yeni Passat Pro avtomatik uzaq işıqların söndürülməsi funksiyasına malik Matrix LED faraları qoruyub.
Ön hissədə tündləşdirilmiş naxışlara sahib yenilənmiş radiator barmaqlığı diqqət çəkir. Aerodinamik sahədə aparılan təkmilləşdirmələr sayəsində isə xüsusilə magistral yollarda yüksək sürətlə hərəkət zamanı salondakı səs-küyün azaldıldığı bildirilir.
Xarici görünüşdə ənənəvi qapı tutacaqlarından istifadə davam etdirilib. Yeni dizaynlı disklərlə yanaşı, arxa hissədə iki stop fənərinin arasında yerləşdirilən işıqlı Volkswagen loqosu da diqqət çəkir.
Üst versiyada üç ekranlı kokpit

Passat Pro-nun ən yüksək təchizat səviyyəsində rəqəmsal cihazlar panelini 15 düymlük mərkəzi sensor ekran və ön sərnişin üçün nəzərdə tutulan ayrıca 11,6 düymlük ekran tamamlayır.
Yenilənmiş multimedia sistemindən əlavə, avadanlıq siyahısına 360 dərəcə ətraf görüntü kamerası, 10 hava yastığı, elektrik baqaj qapağı, təkmilləşdirilmiş səs sistemi, gücləndirilmiş əyləc sistemi və sürücünün yorğunluğunu aşkarlayan sistem də daxildir.
Passat Pro radar və sensorlardan istifadə edən yarıavtonom sürüş texnologiyalarına da sahibdir. Sistem avtomatik təcili əyləcləmə, sıx tıxacda sürüş dəstəyi, zolaqda saxlama assistenti və bütün sürət diapazonunda işləyən adaptiv kruiz-kontrol funksiyalarını bir arada təqdim edir.




Şərh əlavə et