Xəbəri Kokpitdə Oxuyun!

İddia: Volkswagen Group kiçilməyə gedir

Volkswagen Qrupu xərclərin azaldılması proqramı çərçivəsində model sırasını ciddi şəkildə kiçiltməyə hazırlaşır. Almaniyanın Bild qəzeti istehsalı dayandırılması planlaşdırılan modellərin siyahısını dərc edib.

Şirkət 2030-cu ilə qədər mövcud model portfelini təxminən 50%, versiya və modifikasiyaların sayını isə 75% azaltmağı hədəfləyir. Bundan əlavə, illik istehsal gücü 10 milyon avtomobildən 9 milyon avtomobilə endiriləcək.

Volkswagen: Jetta və Taos üçün yolun sonu

Məlumata görə, Volkswagen Jetta və Volkswagen Taos üçün yeni nəsil hazırlanmayacaq. Təxminən 40 ildir markanın əsas sedanlarından biri olan Jetta da xərclərin azaldılması strategiyasının qurbanına çevrilə bilər.

Daha əvvəl ortaya çıxan iddialarda elektrikli Volkswagen ID.5 modelinin də istehsaldan çıxarıla biləcəyi bildirilmişdi.

Porsche dörd modeldən imtina edə bilər

Porsche ilə bağlı ən diqqətçəkən iddialar bunlardır:

  • Porsche Cayenne Coupe istehsaldan çıxarıla bilər.
  • Porsche 718 Boxster layihəsi tamamilə ləğv edilə bilər.
  • Porsche 718 Cayman layihəsi də dayandırıla bilər.
  • Porsche Taycan risk altında olan modellər arasındadır.

Taycan-ın satışları ötən il 22 faiz azalaraq 16 339 ədədə düşüb.

Audi: Sportback modelləri təhlükədə

Audi da model sırasını sadələşdirməyə hazırlaşır.

İddialara görə:

  • Audi Q5 Sportback hazırkı nəslindən sonra istehsaldan çıxa bilər.
  • Audi Q6 e-tron Sportback da eyni aqibətlə üzləşə bilər.

Bununla yanaşı, Audi artıq Audi A1 Sportback və Audi Q2 modellərinin istehsalını dayandırıb.

Əvəzində bu il Audi Q9 və Audi A2 modellərinin təqdim olunacağı gözlənilir.

Skoda Fabia və Cupra Raval da siyahıda

Skoda Fabia üçün də yeni nəsil hazırlanmayacağı bildirilir.

Maraqlıdır ki, eyni platformanı paylaşan Volkswagen Polo və SEAT Ibiza barədə hələlik oxşar qərar yoxdur.

Siyahının ən təəccüblü modeli isə yeni satışa çıxan elektrikli Cupra Raval oldu. İddiaya görə, onun ikinci nəsli hazırlanmayacaq.

6,5 milyard avroluq qənaət planı

Bild-in məlumatına əsasən, bu model ixtisarları Volkswagen Group üçün 2031-ci ilə qədər təxminən 6,5 milyard avro qənaət təmin edə bilər.

Bununla belə, siyahının hələ yekunlaşmadığı və gələcəkdə Audi e-tron GT kimi digər modellərin də ləğv siyahısına əlavə oluna biləcəyi bildirilir.

Volkswagen-in məhsul kommunikasiyaları direktoru Stefan Voswinkel isə şirkətin gələcək məhsul planları ilə bağlı spekulyasiyalara münasibət bildirmədiklərini deyərək iddiaları rəsmi şəkildə təsdiqləməyib.

Rauf Hacıyev

Şərh əlavə et