Bu sualların cavablarını Ferrari Bakı Mərkəzinin Marketinq Meneceri Murad Sadiq ilə söhbətimizdə axtardıq.
Müsahibəmizdə Ferrari-nin Formula 1 komandası ilə əməkdaşlıqdan tutmuş Şarl Lekler və Lyuis Həmiltonla görüşlərə, Ferrari-nin Bakıda F1 həftəsində gördüyü işlərdən Azərbaycanlı müştərinin avtomobilə yanaşmasına qədər bir çox maraqlı məqamlara toxunduq. Eyni zamanda Luce-nin Azərbaycana gətirilməsi, Ferrari məhsullarına olan maraq, Ferrari Bakı Mərkəzinin qapılarının bütün ziyarətçilərə açıq olması və gələcəkdə Ferrari həvəskarları üçün klub yaratmaq məsələsini də müzakirə etdik.
Murad Sadiqin sözlərinə görə, Azərbaycanlı Ferrari müştərisini fərqləndirən əsas xüsusiyyətlərdən biri avtomobilinə olan xüsusi bağlılıqdır. Onunla söhbətdə Ferrari-nin Azərbaycandakı bu fərqli dünyasının pərdəarxasına nəzər saldıq.

Sual 1: Siz Formula 1 ilə necə işbirliyi qurursunuz? Məsələn, Formula 1 pilotları Şarl Lekler və ya Lyuis Həmilton ilə, Sizin marketinq layihələrinizdə onlar necə iştirak edir?
Murad: Bu il əməkdaşlıq gözlənilmir, amma 2025-ci ildə bunu pik həddə çatdırdıq. Keçən il Nazar Group, Ferrari Baku Formula 1 Ferrari komandası ilə yaxşı işbirliyi etmişdik. Ferrari Baku və Ferrari Tbilisi müştəriləri demək olar ki, Ferrari Paddok Klubdakı bütün biletləri almışdıq. Orada yaxşı iştirak etdik. Hətta bizə komandanın pilotları Şarl Lekler və Lyuis Həmilton yaxınlaşdı. Biz də Ferrari Baku olaraq, onlara xalça hədiyyə etdik. Oraya Le Man pilotlarından Antonio Covinatsi də gəlmişdi və bizə uzun müsahibə vermişdi. Bundan başqa biz Ferrari Baku olaraq UFC döyüşçüsü Hamzat Cunayevi də oraya gətirdik. O da Scuderia Ferrari tərəfindən yaxşı qarşılandı. Komanda onu pilotlarla tanış etdi. Hətta, onun bolidə oturmasına da icazə vermişdilər.
Sual: Şarl Lekler yoxsa Lyuis Həmilton?
Murad: Şarl Lekler. Birincisi səmimiyyətinə görə. Lekler səmimi və söhbətə açıqdır. Lyuislə iki dəfə üz-üzə gəldim və aurası elədir ki, adam ona yaxınlaşmağa utanır. Ancaq Leklerlə Maranelloda Montana restoranında iki dəfə görüşmüşəm. İki dəfə də burada paddokda görüşmüşəm və onun yadında qalmışam. Həm də onun həyat tərzi mənə daha yaxındır. Bundan başqa Ferrari yetirməsidir. Uşaqlıqdan Ferrari-nin içində olub.
Sual: Azərbaycanlı Ferrari müştərisinin seçimlərində hansı xüsusiyyətlər daha çox ön plana çıxır — performans, dizayn, komfort, yoxsa avtomobilin eksklüzivliyi?
Murad: Avtomobilin eksklüzivliyi. İkinci və üçüncü xüsusiyyət isə avtomobilin performansı və uzunömürlülüyü. Uzunömürlülük deyəndə isə avtomobilin nə dərəcədə flaqman olmasıdır. Məsələn, axırıncı atmosfer motordursa, bu artıq əfsanədir. Axırıncə turbo motordursa, deməli əfsanədir.

Sual: Bu arada motorlardan danışırıqsa, elektrik mühərrikli Ferrari Luce çıxdı. Ferrari Bakı olaraq onu Azərbaycana gətirəcəksiniz?
Murad: Əlbəttə ki, gələcək. Azsayda gətirəcəyik. O tərz maşınların ölkəmizdə populyarlığı az olsa da, onun da öz müştəriləri var. Necə ki, digər brendlər öz uğurlu elektromobillərini istehsal etdi, eyni zamanda düşünürəm ki, Ferrari Luce də öz yerini tutacaq. Şirkət əlindən gələcək ki, bu avtomobil öz qiymətini saxlasın.
Sual: Bakıda Ferrari sürmək və Ferrari sahibi olmaq sizcə Avropadakı Ferrari təcrübəsindən nə ilə fərqlənir?
Murad: Çətin və maraqlı sualdır. Bu barədə heç vaxt düşünməmişəm. Mənim fikrimcə Azərbaycanlı Ferrari müştərisi Avropadakı müştərilərə baxanda öz avtomobilini daha çox sevir, daha çox əzizləyir və daha çox seçilir. Çünki bizdə say olaraq Avropaya nisbətən daha fərqli saylardır. Bu ölkədə Ferrari alanlar daha çox seçilir.

Sual: Burada Ferrari-nin geyimlərini və digər aksesuarlarını satan bir mağaza da var. Bəs azərbaycanlı azrkeşlər buradan ən çox hansı Ferrari məhsulunu alırlar?
Murad: Əsasən papaqlar. Təsəvvür edin ki, keçən il Formula 1 vaxtı biz birillik papaq ehtiyatımızı satdıq. Qiymətlər də münasibdir. Burada qiymətlər fan zonadan daha sərfəlidir. Burada bütün məhsullar Ferrari Store məhsullarıdır. Bu da lyuks brendlərdən biridir. Ancaq Azərbaycandakı mağazada qiymətlər sərfəlidir. Ümumilikdə insanlar düşünür ki, Ferrari-nin maşını çox bahadırsa, geyim məhsulları da bahadır. Ancaq elə deyil.

Sual: Ferrari və Formula 1-ə Azərbaycanda maraq necə dəyişib? Yəni yarışların ölkədə keçirilməsi Ferrari Bakı-ya təsiri olub?
Murad: Formula 1 Ferrari Bakıya satış olaraq, güclü təsir etməyib. Amma brend olaraq, daha populyarlıq olaraq, bu brendin daha aktual olduğunu göstərmək olaraq təsiri olmayıb. Məsələn, pandemiya vaxtı Ferrari Bakıya demək olar gələn yox idi. Ancaq indi məsələn, turistlər bura çox gəlir, çünki F1-in əsas təsir mərkəzi turistlərdir. Hətta elə turistlər var ki, buradan maşın almaq istəyirlər. Lakin bizim xarici vətəndaşlara maşın satmaq icazəmiz yoxdur. Xarici vətəndaşın burada yaşamaq icazəsi varsa, biz maşını sata bilərik. Əks halda olmaz. Xarici vətəndaş bizdən Ferrari almaq istəyəndə biz onu yerli dilerlərə yönləndiririk.
Sual: Niyə satmaq olmaz?
Murad: Şirkət icazə vermir. Əgər burada maşın satılsa, gərək o, servisə girməsin. Şirkət o dəqiqə o maşına ban qoyur. Buna görə də biz müştəriləri seçirik. Müştəri əgər alverçi olsa və 6 ay ərzində maşını başqa ölkəyə satsa, şirkət bizdən bunun hesabatını istəyir ki, niyə satdığın maşını izləmirdin? Buna görə də bunun qarşısını alırıq.

Sual: Azərbaycan bazarında Ferrari haqqında insanların ən çox sahib olduğu yanlış fikir nədir?
Murad: Ən böyük yanlış fikir odur ki, Ferrari Bakı Mərkəzinə hamını buraxmırlar. Hamı düşünür ki, buraya ancaq zənglə gəlmək olar. Amma mən Nazar Holdings-in tərəfindən danışaraq deyirəm ki. buraya balaca uşaqdan tutmuş yaşlı insanına kimi, turistlərə kimi, rəqib brendlərə kimi hamı bura girsin, maşınlara baxsın, şəkil çəkdirsin, suallarını versin, yeri gəlsə, çayını içib getsin.
Sual: Bəs fanklub yaratmaq fikriniz var? Xüsusi günlərdə yığışsınlar, maşınlara baxsınlar. Fanklub ya da avtoklub kimi cəmiyyət yaratmaq mümkündür?
Murad: Əslində bizim müştərilərimizlə avtoklubumuz var. Başqa bir layihənin də üzərində işləyirik. Qeyri-müştərilərimizlə isə hələki klubumuz təəssüf ki, yoxdur. Onu yaratmaq da qeyri-mümkündür. Çünki biz kluba insanları hansı şərtlərdə seçəcəyik? Buna görə də bu iş bir az qəlizdir.





Şərh əlavə et