Monzada yaşadığı yüksək sürətli qəzadan sonra ətraflı tibbi müayinələrdən keçdiyini bildirən monakolu pilot boyun ağrılarının və qəza zamanı yaşadığı qısamüddətli görmə probleminin tamamilə aradan qalxdığını deyib. 28 yaşlı pilot yarışa 100 faiz hazır olduğunu bildirib.
Monzada Lyuis Həmiltonla yaşadığı təkər-təkərə mübarizəyə və bunun ardından ortaya çıxan “komanda daxilində böhran” iddialarına toxunan Şarl Lekler komanda yoldaşı ilə məsələni aydınlaşdırdıqlarını söyləyib: “Qəza ilə bağlı araşdırmadan sonra Lyuislə danışdıq.
İkinci döngədə həddi aşdığımı və sərhədi keçdiyimi açıq şəkildə bilirəm. Bunu Lyuisə də dedim. Gələcəkdə nə etməli olduğumuz və nələrin qarşısını almağımız lazım olduğu tamamilə aydındır.
İki eyni komanda bolidinin çınqıllıq sahəyə düşdüyünü heç vaxt görmək istəmirik. Lakin bu hadisə aramızdakı yaxşı münasibətə heç bir şəkildə təsir etməyib və etməyəcək.
Monza bizim evimiz olduğu üçün kənarda böyük səs-küy yarandı. Eyni yarışda digər komandaların pilotları da təmas yaşadı, ancaq yalnız bizdən danışıldı. Bununla belə, bu, etdiyimizin doğru olduğu anlamına gəlmir. İkinci döngədəki səhvimə görə məsuliyyəti üzərimə götürmüşəm”.
Təqvimə yeni əlavə edilən Madrid şəhər trası ilə bağlı gözləntilərini də bölüşən Şarl Lekler trasın quruluşuna görə şənbə günü keçiriləcək sıralanma turlarının yarışın taleyini müəyyənləşdirə biləcəyini vurğulayıb: “Trası adi avtomobillə sürmüşəm və çəkiliş günü Formula 1 bolidi ilə də burada dövrələr vurmuşam.
Pilotlar üçün olduqca çətin, eyni zamanda zövqlü trasdır. Lakin bazar günü yarış zamanı ötmə imkanlarının son dərəcə məhdud olacağını deyə bilərəm. Bu səbəbdən həftəsonu strategiyamızda əsas prioritetimiz yarış tempindən daha çox sıralanma olacaq.
Cümə və şənbə günlərindəki məşq sessiyalarından maksimum yararlanmalı, Q3-ə düzgün sazlama və yaxşı dövrə ilə daxil olmalıyıq. Yarışda strategiyalar yenə də həlledici ola bilər. Lakin Madrinqdə digər traslarla müqayisədə daha az ötmə görəcəyimizi düşünürəm”.




Şərh əlavə et