Ostində keçirilən ikinci sessiyada hava ilk sərbəst yürüşlə müqayisədə daha isti olub. Sessiya öncəsi havanın temperaturu 29°C, asfaltın temperaturu isə 42°C təşkil edib.
ABŞ vaxtı ilə cümə gününün son, Bakı vaxtı ilə şənbə gününün ilk sessiyası Maks Ferstappenlə Liam Lousonun ilk döngədəki mübarizəsi ilə başlayıb. Ferstappen Racing Bulls pilotunu qabaqlayaraq yoluna davam edib.
Pyer Qasli sessiyanın ilk dövrəsində 1:38.716 nəticə göstərib. Lakin Ferstappen Medium tərkibli təkərlərlə 1:36.581 saniyəlik dövrə vuraraq zaman cədvəlinin zirvəsinə yüksəlib. Daha sonra ikinci və üçüncü yerləri Mercedes pilotları tutublar.
Kimi Antonelli radio vasitəsilə oturacağının bərkidilməməsindən şikayət edib. İlk 15 dəqiqə geridə qaldıqda isə o, hələ vaxt göstərə bilməyən yeganə pilot olub.
Corc Rassell Şarl Lekleri trasdan kənara sıxışdırdığına görə qara-ağ bayraqla xəbərdarlıq alıb.
Sessiyanın yarısı geridə qaldıqda pilotların əksəriyyəti boksa qayıdıb və daha sonra yumşaq tərkibli təkərlərlə trasa çıxıb. Şarl Lekler 1:35.291 saniyəlik dövrə ilə liderliyə yüksəlib. Kimi Antonelli ondan cəmi 0,042 saniyə geri qalaraq ikinci yeri tutub.
İkinci sərbəst yürüşün qalan hissəsi nisbətən sakit keçib. Damalı bayrağın dalğalanması ilə sessiya başa çatıb və ən sürətli nəticə Ferrari pilotu Şarl Leklerə məxsus olub.
Kimi Antonelli ikinci yeri tutub. Onu Maks Ferstappen və Lyuis Həmilton izləyiblər. İlk beşliyi isə Corc Rassell tamamlayıb.




Şərh əlavə et