Kokpit.az xatırladır ki, italyan sürücü ev yarışında qazandığı qələbədən sonra Madrinqə çempionat lideri kimi gələcək. Komanda yoldaşı Corc Rassell üzərində 66 xallıq üstünlüyə malik olmasına baxmayaraq, Antonelli Mercedes-də özünü bir nömrəli pilot hesab etmədiyini deyib.
Kimi Antonelli: “Komandada özümü bir nömrəli pilot hesab etmirəm. Çünki komanda haqlı olaraq hər ikimizə eyni imkanları vermək istəyir.
Corc inanılmaz pilotdur və son iki yarışda çox yaxşı formaya düşüb. Buna görə də özümü qətiyyən bir nömrəli pilot hesab etmirəm. Komanda bizə eyni münasibəti göstərir, hər ikimizə eyni imkanları verir. Buna görə də özümü əsl lider kimi görmürəm.
Düşünürəm ki, ikimiz də eyni səviyyədəyik və doğru olan da budur”.
Çempionluq mübarizəsindəki üstünlüyünü idarə etməyə başlayıb-başlamayacağı soruşulan Antonelli bunun üçün hələ tez olduğunu söyləyib: “Neçə yarışın qaldığını belə bilmirəm. Səkkiz? On? Qarşımızda hələ uzun yol var. Buna görə də düşünürəm ki, hələ tezdir.
Çempionluğu düşünərək bolid idarə etmək istəmirəm. Monza bunun sübutu idi. Orada çempionluq barədə düşünmürdüm və bunun narahatlığını daşımırdım. Sadəcə qalib gəlmək və əlimdən gələnin ən yaxşısını etmək üçün sürürdüm. Mənim yanaşmam budur”.
Antonelli Madrinqin həm sürücülük, həm də mühəndislik baxımından Formula 1 təqvimindəki ən çətin traslardan biri olduğunu da vurğulayıb: “Sürüş baxımından bu, ilin ən mürəkkəb trası ola bilər. Burada şikanlar, sürətli döngələr, getdikcə genişlənən döngələr, orta sürətli döngələr və əyləc zonaları var. Çox texniki və çətin trasdır, ancaq eyni zamanda çox həyəcanvericidir. Səhv etmək üçün heç bir yer yoxdur.
Simulyatorda çox işləyib hazırlaşmışıq. Təxminən nə ilə qarşılaşacağımızı bilirik. Lakin bu gün trasa çıxdıqda bunun realda necə olacağını ilk dəfə görəcəyik”.




Şərh əlavə et