Monzada yarışın ilk dövrəsində britaniyalı sürücü daxili trayektoriyadan Lekleri geridə qoymağa çalışıb. Lekler isə Həmiltonun bolidini trasdan kənara sıxışdırıb və hadisədən sonra britaniyalı pilot 10-cu yerə qədər geriləyib.
Yarışdan sonra danışan Həmilton vaxtilə Mercedes-də Niko Rosberqlə komanda yoldaşı olduğu dövrdə tətbiq edilən və iki pilot arasındakı mübarizəni tənzimləyən “mübarizə qaydaları”nın Ferrari-də olmadığını bildirib.
Madrinqdə keçiriləcək həftəsonu öncəsi mətbuat konfransında çıxış edən yeddiqat Dünya Çempionu komanda yoldaşı Leklerlə danışdıqlarını və aralarındakı problemin artıq aradan qalxdığını deyib.
Lyuis Həmilton: “Hazırda hər şey həqiqətən müsbətdir. Bazar ertəsi Fredlə danışdım və hər şeyi açıq şəkildə masaya qoyduğumuz bir görüş keçirdik.
Təbii ki, fərqli fikirlərə sahib ola bilərik. Lakin günün sonunda bir araya gəlir və irəliyə doğru yol tapırıq. Artıq komanda daxilində həqiqətən yaxşı ünsiyyətimiz var. Şarlla aramızda da eyni vəziyyətdir.
İdmanın keçmişinə baxsanız, bunun əvvəllər də baş verdiyini görərsiniz. Buna görə də məsələni böyütməyə ehtiyac yoxdur”.
Həmiltondan daha sonra komanda yoldaşları arasındakı mübarizə üçün konkret qaydaların tətbiqini istədiyi və bu mövzunun müzakirə edilib-edilmədiyi soruşulub. O isə qəti şəkildə “Xeyr, müzakirə edilməyib” cavabını verib: “Əminəm ki, hansı istiqamətdə daha yaxşı ola biləcəyimizi müəyyən etmək üçün nə vaxtsa danışacağıq. Lakin bunun üçün kifayət qədər vaxtımız olmayıb. İki gün ərzində bəzi şeyləri dəyişmək mümkün deyil.
Dəyişdirilməli çoxlu məqam var. Burada çox sayda insan iştirak edir. Uzun, çox uzun müddətdir mövcud olan bir mədəniyyət var və böyük dəyişikliklər etmək o qədər də asan deyil. Buna görə də addım-addım irəliləyirik və hər şey bunun haqqında danışmaqla başlayır.
Yəqin ki, problemi həll etmək üçün müəyyən addımlar atacağıq və yenə də hər şey istədiyimiz kimi getməyəcək. Ancaq sonda çatmalı olduğumuz nöqtəyə gələcəyik. Məncə, ən yaxşı tərəfi bu məsələni müzakirə etməkdən qaçmamağımız oldu. Sadəcə ikimiz üz-üzə oturub danışdıq. Hər ikimiz açıq və dürüst olduq. Bu məsələni həll etdik və yolumuza davam edə bilərik.
Temp baxımından bir-birimizə çox yaxın olduğumuz üçün əminəm ki, yenə bir-birimizlə yaxın mübarizə apardığımız anlar olacaq. Hər ikimiz qalib gəlmək və komanda üçün mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyirik”.




Şərh əlavə et