Komanda daxilində Kimi Antonelliyə üstünlük verildiyi barədə iddiaları rədd edən britaniyalı sürücü, gənc komanda yoldaşının mövsüm ərzində göstərdiyi performansı yüksək qiymətləndirib. 28 yaşlı pilot öz sürüş tərzini dəyişmək üçün ciddi formada çalışdığını da bildirib.
Corc Rassell: “Düzünü desəm, komandada hər ikimizə bərabər münasibət göstərildiyini hiss edirəm. Kimi hazırda məndən daha yaxşı çıxış edir və çempionatdakı liderliyə tamamilə layiqdir.
Mövsüm ərzində məşq imkanlarımız məhdud olduğu üçün sürüş tərzini dəyişmək olduqca çətindir. Bu, futbolçunun oyuna qədər məşq meydançasına buraxılmamasına və yeni texnikaları yalnız matç zamanı sınamasına bənzəyir.
Əsas sürüş tərzini dəyişmək mümkündür, amma bunu edərkən sürətli qalmaq tamam başqa məsələdir. Yay fasiləsindən sonra keçirdiyimiz üç sıralanma sessiyasının hamısında Kimini qabaqlamışam və yarış tempim də onunla demək olar ki, eyni səviyyəyə gəlib.
Çempionluq mübarizəsində qalmaq üçün bir qədər şansa ehtiyacım olacaq. Ancaq hazırda bütün diqqətimi sürətimi daha da artırmağa yönəltmişəm”.
Rassell yeni Madrinq trasının xüsusiyyətlərindən də danışıb. Britaniyalı pilot Formula 3 testlərində baş verən çoxsaylı insidentlərə diqqət çəkərək yeni şəhər trasının təhlükəli ola biləcəyini vurğulayıb: “F3 testlərində 20 dəfə qırmızı bayraq dalğalandığını eşidəndə təəccüblənmişdim. Amma simulyatorda sürdükdən sonra düşündüm ki, ‘Cəmi 20 dəfə?’” Madrinq bütün təqvimin açıq ara ən riskli trası olmağa namizəddir.
Ciddədəki kimi çox yüksək sürətli döngələr var və divarlar trasın çox yaxınlığında yerləşir. Buna görə də səhv etmək üçün demək olar ki, heç bir yer yoxdur.
Bakıda olduğu kimi, yüksək sürətlə gələndən sonra kəskin şəkildə istiqamət dəyişərək əyləcləndiyiniz sərt əyləc zonaları da var. Burada təkərləri kilidləmək çox asandır və təkərləri kilidlədiyiniz anda özünüzü birbaşa divarın qarşısında tapa bilərsiniz.
Bizim üçün son dərəcə çətin və eyni zamanda həyəcanverici mübarizə olacaq”.




Şərh əlavə et