Monzada ilk döngədə etdiyi səhvdən sonra Norrisə mane olub-olmadığı barədə danışan avstraliyalı sürücü, həmin anda əsas məqsədinin bolidi təhlükəsiz şəkildə trasa qaytarmaq olduğunu bildirib.
Oskar Piastri: “Döngəni qaçırdığınız zaman ilk düşündüyünüz şey kiməsə toxunmadan oradan çıxmaq olur. Başqasına yol vermək isə həmin anda ilk düşündüyünüz məsələ deyil.
Geriyə baxanda, əlbəttə, bəzi şeyləri fərqli edə biləcəyimi görürəm. Amma həmin anın refleksi ilə hərəkət etdiyimi nəzərə alsaq, məndən daha artığını gözləmək ədalətsizlik olardı.
Yüksək səviyyəli mübarizədə ən vacib məsələlərdən biri pilotla komanda rəhbərliyi arasında heç bir sürprizin olmaması və hər şeyin aydın olmasıdır. Keçən il çempionluq mübarizəsində vəziyyət daha da gərginləşə bilərdi. Ancaq açıq ünsiyyət sayəsində bunun qarşısını aldıq.
Əgər nəyəsə əsəbiləşmisinizsə, bunu kameralar qarşısında və ya radio vasitəsilə deyil, qapalı qapılar arxasında komanda ilə müzakirə etməlisiniz”.
Piastri Zandfort və Monza ilə müqayisədə Madrinqdə daha güclü çıxış edəcəklərinə ümid etdiyini də bildirib: “Tras simulyatorda olduqca əyləncəli görünürdü. Burada sürətli, yavaş və orta sürətli döngələr bir-birini əvəz edir və kifayət qədər qarışıq quruluşa malikdir.
F3 bolidlərinin kerblərdən kifayət qədər aqressiv istifadə etdiyini gördük. Bizim bolidin buna necə reaksiya verəcəyini görmək maraqlı olacaq. Ümid edirəm ki, F3-də olduğu qədər hadisəli yarış olmayacaq.
Monzada əsas problemimiz sürtünmə və düzlüklərdə sürət idi. Madrinqdə isə bolidimizə daha çox uyğun gələn trasla qarşılaşacağımızı və daha rəqabətədavamlı olacağımızı düşünürəm.
Qəti danışmaq çətindir. Lakin burada podium, hətta qələbə uğrunda mübarizə apara biləcəyimiz tempə sahib olmağı hədəfləyirik”.




Şərh əlavə et