Ostin trasında sessiya başlamazdan əvvəl hava buludlu olub. Havanın temperaturu 27°C, asfaltın temperaturu isə 39°C təşkil edib.
Serxio Peres və Franko Kolapinto trasa ilk çıxan pilotlar olublar. Peres Hard təkərlərlə vurduğu ilk dövrədə 1:38.880 nəticə göstərib. Kolapinto və ona qoşulan Qabriel Bortoleto isə Medium tərkibli təkərlərdən istifadə ediblər.
İlk 15 dəqiqə geridə qalsa da, pilotların əksəriyyəti hələ boksda idilər. Soft təkərlərlə trasa çıxan Ferrari pilotu Lyuis Həmilton 1:36.716 nəticə göstərərək zaman cədvəlinin zirvəsinə yüksəlib.
Sessiyanın növbəti dəqiqələri nisbətən sakit keçib. Ortalara doğru nəticəsini yaxşılaşdıraraq 1:35.561 dövrə vuran Həmilton liderliyini qoruyub. Maks Ferstappen isə ikinci yerdə qərarlaşıb.
Trasın sürəti artdıqca pilotlar dövrə vaxtlarını yaxşılaşdırmağa davam ediblər. Bununla yanaşı, sessiya ərzində tras limitlərinin pozulması səbəbindən çoxsaylı dövrə nəticələri ləğv edilib.
Ayzek Hacar qısa müddətə trasdan çıxdıqdan sonra radio vasitəsilə komandadan bolidin döşəməsinin yoxlanılmasını istəyib. Maks Ferstappen isə ardıcıl olaraq təkərləri bloklayıb.
Damalı bayraq dalğalananda 1:34.893 nəticə göstərən Lyuis Həmilton sessiyanı lider tamamlayıb. Maks Ferstappen ikinci, Şarl Lekler isə üçüncü yeri tutub.
Mercedes pilotları Corc Rassell və Kimi Antonelli müvafiq olaraq dördüncü və beşinci olublar. Onları Oskar Piastri və Lando Norris izləyiblər. Nico Hülkenberg isə iki McLaren pilotunun arasında qərarlaşıb.




Şərh əlavə et