Circuit of the Americas trasında yarışdan əvvəl havanın temperaturu 27°C, asfaltın temperaturu isə 38°C olub.
Poul mövqeyindən start götürən çempionatın lideri Kimi Antonelli Medium tərkibli təkərlərə üstünlük verib. İkinci və üçüncü yerlərdən başlayan Red Bull pilotları isə Soft təkərlərlə mübarizəyə qoşulublar. İlk beşliyi tamamlayan Ferrari pilotları da start üçün Soft təkərləri seçiblər.
Beş qırmızı işığın sönməsi ilə start verilən yarışda Antonelli yaxşı start alaraq liderliyini qoruyub. Şarl Lekler ilk döngədən sonra iki mövqe qazanaraq ikinci yerə yüksəlib. Ayzek Hacar isə dördüncü yerə geriləyərək startın itirənlərindən olub.
Bir neçə dövrə sonra Ləns Stroll radiodan qarşısında hərəkət edən Franko Kolapintonun bolidindən bəzi hissələrin qopduğunu bildirib.
Ayzek Hacardan bir pillə geridə, altıncı yerdə hərəkət edən Corc Rassell startda trasdan kənara çıxaraq üstünlük qazandığı üçün 5 saniyəlik cərimə alıb.
14-cü dövrədə Maks Ferstappen pit-stop edən ilk pilot olub və yenidən Soft təkərlərə keçib. Bir dövrə sonra Həmilton da pitə girib, lakin o, sarı loqolu Medium tərkibli təkərləri seçib.
Oli Berman Pyer Qasli ilə təmasa görə 10 saniyəlik cərimə alıb. Bir neçə dövrə sonra isə qaraja qayıdaraq yarışı dayandırıb.
Yarışın ortalarında liderliyini qoruyan Ferstappen ikinci pit-stop üçün pit yoluna daxil olub. Bununla da Kimi Antonelli yenidən liderliyə yüksəlib.
37-ci dövrədə Alpine komandası Franko Kolapintoya bolidi boksa gətirərək yarışı dayandırmağı tapşırıb.
Bir neçə dövrə sonra Lyuis Həmilton son pit-stopunu həyata keçirərək sərt tərkibli təkərlərə keçib və pitdən altıncı yerdə qayıdıb. Bu vaxt Antonelli yarışa liderlik edərək nəzarət etməyə davam edib.
Yarışın son hissəsində Fernando Alonso da pitə daxil olaraq mübarizəni dayandırıb. Podium uğrunda mübarizə aparan Lando Norris, Maks Ferstappen və Şarl Lekler arasındakı məsafə getdikcə azalıb.
Son 10 dövrəyə qalmış Ferstappen hücuma keçərək Norrisi geridə qoyub və ikinci yerə yüksəlib. Norris temp itirəndə Lekler də fürsətdən istifadə edərək üçüncü yeri tutub.
49-cu dövrədə Lekler Ferstappeni də keçərək ikinci yerə yüksəlib. McLaren təkərində yanıq ləkəsi aşkarlandığı üçün Norrisi pitə çağırsa da, britaniyalı pilot problem yaşamadığını bildirərək trasda qalmağa davam edib.
Bu arada Həmilton Norrislə fərqi azaltmağa başlayıb və bir dövrə sonra McLaren pilotunu geridə qoyaraq dördüncü yerə yüksəlib.
Finişə beş dövrə qalmış Cadillac pilotu Valtteri Bottas mühərrik problemi səbəbindən bolidini kənara çəkərək yavaş sürətlə pit yoluna doğru hərəkət etməyə başlayıb. Lakin bir neçə döngə sonra dayanıb və virtual təhlükəsizlik avtomobili rejimi elan olunub.
Beləliklə, Kimi Antonelli finiş xəttini birinci keçərək ABŞ Qran Prisinin qalibi olub. Mercedes pilotunu podiumda müvafiq olaraq Şarl Lekler və Maks Ferstappen müşayiət ediblər.
Lyuis Həmilton dördüncü, Lando Norris isə beşinci yeri tutub. Yarışa üçüncü yerdən başlayan Ayzek Hacar finiş xəttini altıncı keçib. Oskar Piastri yeddinci, Corc Rassell səkkizinci olub.




Şərh əlavə et