Bəhreyndə testlərin ilk günü xırda nasazlıqlar və qırmızı bayraqlarsız ötüşməyib, amma ümumi mənzərə kifayət qədər sakit və stabil olub. Bəziləri az qala 2014-cü ilin ssenarisini – hibrid güc qurğularının ard-arda sıradan çıxmasını gözləyirdi, lakin Barselonadakı qapalı testlərdən sonra komandalar artıq hazırlıqlı gəlib və əksəriyyəti elə ilk gündəcə yarış məsafəsindən (Saxirdə 57 dövrə) daha artıq yol qət ediblər.
Barselona ilə müqayisədə maşınlar ciddi yenilənib. Orada əsasən şassinin baza versiyaları istifadə olunub, çünki prioritet etibarlılığı yoxlamaq idi. Bəhreyndə isə çoxlu maraqlı aerodinamik həllər peyda olub, Audi isə fərqli yan saydpod konfiqurasiyası ilə vizual olaraq da seçilib.
Səhər saatları tamamilə aerodinamikaya həsr edilib. Sürücülər aero-boya və sensorlarla trasa çıxıblar. Daha sonra diqqət məsafə toplamağa və müxtəlif sazlamaların sınağına yönəlib. Geniş təhlükəsizlik zonaları səhvləri bağışlayıb. Yeni maşınlarla sürücülərin hələ “mübarizə apardığı” hiss olunsa da, iş prosesi sakit və məhsuldar keçib.
Testlər cəmi iki dəfə qırmızı bayraqla dayandırılıb. Səhər sessiyasında Franko Kolapinto (Alpine) maşını saxlamalı olub və bolid evakuasiya edilib. İkinci dəfə isə Audi-də Niko Hülkenberqin problemi səbəbindən fasilə yaranıb, lakin o, maşını boksa çatdıra bilib.
Günün ikinci yarısında əksər komandalarda sürücü dəyişikliyi baş tutub və bundan istifadə edərək sazlamalar dəyişdirilib. Mercedes-də problem aşkarlanıb, buna görə fasilədən sonra Antonelli dərhal trasa çıxa bilməyib. Racing Bulls (sızma səbəbindən) və Aston Martin (Honda mühərrikində telemetriya ilə aşkarlanan problemə görə) işi vaxtından əvvəl başa vurub.
İlk gün 11 komandadan 18 sürücü trasa çıxıb. Ən sürətli nəticəni Lando Norris göstərib – 1:34.669. Ən çox dövrəni Maks Ferstappen vurub – 136. Komandalar arasında isə məsafəyə görə lider Williams olub – 145 dövrə.
Yeni maşınlar artıq kifayət qədər etibarlı görünür. Sürət məsələsində isə suallar qalır. İlk günün ən yaxşı nəticəsi ötən illə müqayisədə təxminən üç saniyə zəifdir. Amma komandaların hələ real sürət üzərində işləmədiyini nəzərə alsaq, bu, daha çox “proqram mərhələsi” təsiri bağışlayır.
Testlər sabah davam edəcək.
İlk günün nəticələri
| # | Pilot | Komanda | Vaxt | Fərq | Dövrə | Təkər |
| 1 | Lando Norris | McLaren | 1:34.669 | – | 58 | C3 |
| 2 | Max Verstappen | Red Bull | 1:34.798 | +0.129 | 136 | C3 |
| 3 | Charles Leclerc | Ferrari | 1:35.190 | +0.521 | 80 | C3 |
| 4 | Esteban Ocon | Haas | 1:35.578 | +0.909 | 115 | C3 |
| 5 | Oscar Piastri | McLaren | 1:35.602 | +0.933 | 54 | C3 |
| 6 | George Russell | Mercedes | 1:36.108 | +1.439 | 56 | C3 |
| 7 | Lewis Hamilton | Ferrari | 1:36.433 | +1.764 | 52 | C3 |
| 8 | Pierre Gasly | Alpine | 1:36.765 | +2.096 | 49 | C3 |
| 9 | Nico Hülkenberg | Audi | 1:36.861 | +2.192 | 73 | C3 |
| 10 | Alex Albon | Williams | 1:37.437 | +2.768 | 68 | C3 |
| 11 | Kimi Antonelli | Mercedes | 1:37.629 | +2.960 | 30 | C1 |
| 12 | Arvid Lindblad | Racing Bulls | 1:37.945 | +3.276 | 75 | C3 |
| 13 | Carlos Sainz | Williams | 1:38.221 | +3.552 | 77 | C3 |
| 14 | Sergio Pérez | Cadillac | 1:38.828 | +4.159 | 58 | C2 |
| 15 | Gabriel Bortoleto | Audi | 1:38.871 | +4.202 | 49 | C3 |
| 16 | Valtteri Bottas | Cadillac | 1:39.150 | +4.481 | 49 | C1 |
| 17 | Lance Stroll | Aston Martin | 1:39.883 | +5.214 | 36 | C2 |
| 18 | Franco Colapinto | Alpine | 1:40.330 | +5.661 | 28 | C2 |




Şərh əlavə et