Xəbəri Kokpitdə Oxuyun!

Loren Mekisin karyerası

Red Bull komandasının rəhbəri vəzifəsinə gətirilən Loren Mekis Formula 1 karyerasının ən böyük sınaqlarından biri ilə üz-üzədir. 48 yaşlı fransız mühəndis həm texniki biliklərini, həm də insan idarəçiliyindəki bacarığını indi Red Bull-un zirvəsində nümayiş etdirməlidir.

Kokpit.az bildirir ki, Loren Mekis 1977-ci il aprelin 28-də Fransanın Tur şəhərində anadan olub. Gənc yaşlarından avtoidmana maraq göstərən Mekis karyerasına Formula 3-də Asiatech komandasında başlayıb.

2000-ci illərin əvvəllərində Formula 1-ə keçərək əvvəlcə Arrows, daha sonra Minardi komandalarında çalışıb. Minardi-də Mark Vebber, Castin Vilson və Kristian Albers kimi pilotlarla işləyərək, mühəndis kimi dəyərli təcrübə qazanıb.

2006-cı ildə Red Bull-un Minardi-ni alaraq Toro Rosso-ya çevrilməai ilə birlikdə Mekis baş mühəndis vəzifəsinə təyin olunub. Bu postda 10 il çalışan fransalı komandanın inkişafında mühüm rol oynayıb.

2014-cü ildə FIA-ya keçərək orada təhlükəsizlik direktoru və yarış direktoru müavini kimi çalışıb. Onun rəhbərliyi ilə Halo təhlükəsizlik sisteminin inkişafı baş tutub və bu sistem sonradan F1 üçün həyati önəm daşıyan standart texnologiyaya çevrilib.

Lakin Mekis yenidən yarış atmosferinə qayıtmağa qərar verərək 2018-ci ildə Ferrari komandasına keçib. Burada tras üzrə direktor, idman direktoru və komanda rəhbərinin köməkçisi kimi müxtəlif vəzifələrdə çalışıb. O dövrdə FIA-dan Ferrari-yə keçid müddətinin qısa olması bəzi komandalar tərəfindən narazılıqla qarşılanmışdı.

2024-cü ildə Red Bull-un ikinci komandası Racing Bulls-un yenidən qurulması planları zamanı Mekisə rəhbərlik vəzifəsi təklif olunub. Beləliklə. O, uzun illərdən sonra Faentsa şəhərinə bu dəfə komanda rəhbəri kimi qayıdıb. Piter Bayer ilə birlikdə komandanın həm idman, həm də inzibati strukturlarının yenidən formalaşdırılmasına rəhbərlik edib.

İndi isə Mekisin qarşısında daha böyük bir missiya dayanır: Red Bull Racing-in idarəçiliyi. Komanda hazırda yeni aerodinamik boru inşa edir, Ford ilə mühərrik əməkdaşlığı qurub və daxili çəkişmələr fonunda yeni mərhələyə qədəm qoyur. Üstəlik, əsas pilot Maks Ferstappenin gələcəyi də qeyri-müəyyən olaraq qalır.

İyirmi il Kristian Hornerin rəhbərliyi altında böyüyən Red Bull-un taleyi indi Loren Mekisin liderliyinə bağlı olacaq.

Loren Mekisin karyerası:

  • 2001–2003: Arrows
  • 2003–2005: Minardi
  • 2006–2014: Toro Rosso
  • 2014–2017: FIA
  • 2018–2023: Ferrari
  • 2024–2025: Racing Bulls
  • 2025-ci ildən etibarən: Red Bull Racing

Rauf Hacıyev

Şərh əlavə et