Xəbəri Kokpitdə Oxuyun!

Suzukada McLaren yenə sürətli başlayıb

Yaponiya Qran Prisinin birinci sərbəst yürüşlərini McLaren komandasının sürücüsü Lando Norris zirvədə bağlayıb.

Kokpit.az bildirir ki, birinci sərbəst yürüşlər nisbətən souuq havada keçirilsə də, sürücülər problem yaşmadan dövrələr vurublar. Sessiya ərzində bir qəza ya da insident yaşanmayıb.

Alpine komandasında Cek Duhəni yerli sürücü Rio Hirakava əvəz edib. Yuki Tsunoda isə Red Bull ilə ilk dəfə trasa çıxıb.

Nəticələrə gəldikdə isə Maks Ferstappen Soft təkərlərlə göstərdiyi 1.30.738 zaman nəticəsi ilə liderliyi ələ alıb. Daha sonra tras sürətlənib və nəticələr də yaxşılaşmağa başlayıb. Mercedes komandasından Corc Rassell 1.29.616 zaman nıticəsi göstərərək, zirvəyə oturub. Daha sonra nəticəsini 1.28.712 edərək, yerini daha da möhkəmləndirib.

Çempionatın lideri Lando Norris ilk ikimsektorda sürətli olsa da, son döngədə səhv edərək, trasdan çıxıb və cəhdini yarımçıq saxlayıb. Lakin növbəti cəhdində 1.28.549 zaman nəticəsi ilə lider olub.

Norrisin nəticəsini yaxşılaşdıram olmayıb və britaniyalı sürücü Suzukadakı birinci sərbəst yürüşləri zirvədə tamamlayıb. Onu Mercedes komandasından Corc Rassell izləyib. O, yerlisindən 0.163 saniyə geridə qalıb.

Üçüncü yeri isə ən sürətli dövrəsində liderdən 0.416 saniyə geridə qalan Şarl Lekler tutub. Komanda yoldaşı Lyuis Həmilton isə Leklerdən 0.1 saniyə geridə qalaraq, dördüncü olub.

Red Bull komandasının sürücüsü Maks Ferstappen sessiya ərzində 89 saniyənin altına düşə bilməyib və beşinci olub. Red Bull RB21 ilə ilk dəfə trasa çıxan Yuki Tsunoda komanda yoldaşına sadəcə 0.1 saniyə uduzaraq altıncı olub. Yaponiyalı sürücüdən 0.050 saniyə geridə qalan Fernando Alonso yeddinci yeri tutub. İlk onluğu Ayşaq Hajar, Kimi Antonelli və Karlos Sayns bağlayıblar.

Aleks Elbon 11-ci, Hirakava 12-ci yerləri tutublar. Yenidən RB-yə qayıdan Liam Louson 13-cü, Pyer Qasli 14-cü, yarış tempindı işləyən Oskar Piastri 15-ci, Ləns Stroll 16-cı olublar. Son dörd yerdə isə Niko Hülkenberq, Oliver Berman, Esteban Okon və Qabriel Bortoleto qərarlaşıblar.

Yaponiya Qran Prisinin ikinci sərbəst yürüşləri Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et