Xəbəri Kokpitdə Oxuyun!

Meksika-2024: Sayns poulu qələbəyə çevirib!

Mövsümün sonuna 5 yarış qalmış Mexikoda qazanılacaq hər bir xal həm sürücülər çümpionatında, həm də Mhüəndislər Kubokunda çox vacib əhəmiyyət daşıyıb.

Cümə günü keçirilən sərbəst yürüşlərdə Corc Rassell və Karlos Sayns, şənbə günü isə Oskar Piastri fərqlənib. Sayns sıralanma turunda qarşısıalınmaz olub və mövsümdə ilk poulunu qazanıb.

Pirelli bura C3, C4 və C5 təkərlərini gətirib. Louson, Bottas, Kolapinto, Peres, Çjou və Okon sərt, qalanları isə orta təkərlərlə yarışa başlayıblar. Start düzümündə Sayns və Ferstappen ilk, Norris və Lekler ikinci, Rassell və Həmilton isə üçüncü cərgədən başlayıb. Qapalı park qaydaları pozulduğu üçün pit yolundan star alıb.

Startda Ferstappen Saynsı qabaqlayıb. Karlos otluğa çıxaraq lider kimi trasa qayıtsa da, yerini Maksa verib. Həmilton komanda yoldaşını keçib, Peres start prosedurunu pozduğu üçün 5 saniyəlik cəza alıb. Tsunoda, Qasli və Elbonun iştirakı ilə baş verən qəza Təhlükəsizlik Maşınının trasa çıxmasına səbəb olub. Tsunoda və Elbon üçün yarış başa çatıb. 2-ci dövrədə ilk onluq: Ferstappen – Sayns – Norris – Lekler – Həmilton – Rassell – Maqnussen – Hülkenberq – Qasli – Louson.

Restart yeddinci dövrədə verilib. Sayns 9-cu dövrədə Maksı geridə qoyub və yarışa başçılıq edib. Bir dövrə sonra Norris Maksa hücum edib. Niderlandlı sürücü onu əvvəlcə 4-cü, sonra isə 8-ci döngədə trasdan çıxarıb. Buna görə Maks iki 10 saniyəlik cəza və 2 cərimə balı alıb.

Peres Strollu, Piastri isə Bottası geridə qoyub. Rassell 15-ci dövrədə komanda yoldaşına uduzduğu yeri qaytara bilib. Alonso 16-cı dövrədə pit yoluna gəlib və yarışdan çəkilib. Peres Lousona təzyiqlər göstərib və onu geridə qoyub. Meksikalı sürücü 21-ci dövrədə təkərlərini dəyişib, Piastri isə Kolapintonu ötüb.

Avstraliyalı sürücü bir qədər sonra Strollu da üstələyib. Ferstappen 27-ci dövrədə pit stop edib və hər iki cəriməsini də ödəyərək 15-ci yerdə trasa qayıdıb. Onu sonrakı dövrələrdə Həmilton, Qasli, Hülkenberq, Norris, Maqnussen, Lekler, Rassell və Sayns izləyib. İspan sürücü trasa lider kimi qayıdıb.

Mercedes sürücüləri hələ pit-stop etməmiş Piastri və Lousonu qabaqlayıblar. Rassellin ön qanadı zədələnib. Həmin ikili yalnız 40-ci dövrədə yeni təkərlərə keçiblər. 41-ci dövrədə ilk onluq: Sayns – Lekler – Norris – Rassell – Həmilton – Ferstappen – Maqnussen – Kolapinto – Hülkenberq – Bottas.

Hülkenberq Kolapintonu qabaqlayıb. Piastri ardıcıl olaraq, Okon, Bottas və Qaslini keçib. Ən son yerə düşmüş Peres pit-stop edib. Kolapintonun pit-stopunda arxa sağ təkərin bağlanmasında problem yaşanıb. Piastri səkkizincilik üçün Hülkenberqə qalib gəlib. 60-cı dövrədə ilk onluq: Sayns – Lekler – Norris – Rassell – Həmilton – Ferstappen – Maqnussen – Piastri – Hülkenberq – Qasli.

Norris Leklerlə fərqi bağlayaraq 62-ci dövrədə DRS zonasına düşüb. Bir dövrə sonra isə Leklerin sonuncu döngədə yol verdiyi səhv britaniyalı sürücüyə keçilməsinə səbəb olub. Həmilton Rasselli qabaqlayıb və 4-cü yerə qalxıb. Louson və Kolapintonun insidentinə görə RB sürücü pit-stop etməli və maşının burun hissəsini dəyişməli olub. Kolapintoya isə 10 saniyəlik cəza və 2 cərimə balı verilib.

Hər xalın qiymətli olması sürətli dövrə yarışını da qızışdırıb. Əvvəlcə Norris, daha sonra isə Louson bu baxımdan fərqlənib, Lekler və Peres isə uğurlu nəticəni əldə etmək üçün yenidən təkər dəyişiblər. Nəticədə sürətli dövrə və əlavə 1 xal Leklerin payına füşüb.

Karlos Sayns mövsümdə ikinci, karyerasında isə dördüncü qələbəsini qazanıb. Lando Norris ikinci olub və çempionatda liderlə xal fərqini 47-yə endirib. Şarl Lekler isə üçüncü yer tutub və Ferrari ardıcıl 2-ci yarışda hər iki sürücüsü isə podiumda təmsil olunub. Ferrari Mühəndislər Kubokunda Red Bull-lu geridə qoyaraq ikinci yerə qalxıb.

Mübarizənin davamı üçün çox gözləməyəcəyik – növbəti həftəsonu İnterlaqosda sprint yarışlı həftəsonu baş tutacaq.

Elçin Zodorov

Şərh əlavə et