R.Hirakava debüt yarışında ilk xalını qazanıb

R.Hirakava debüt yarışında ilk xalını qazanıb

Esteban Okonun əvəzinə son anda Haas bolidinə əyləşən Ryo Hirakava ilk Formula 1 yarışını xalla başa vurmağı bacarıb. Yaponiya təmsilçisi Meksika Qran Prisini tras üzərində 13-cü yerdə tamamlayıb. Lakin yarışdan sonra ardıcıl elan edilən cəzalar onu ilk onluğa yüksəldib.

Sarı bayraq qaydalarını pozduqlarına görə Franko Kolapinto və Pyer Qasliyə cəza verilməsi Alpine komandasının qazandığı bütün xalları itirməsinə səbəb olub. Bu qərar Haas-da sevinc yaradıb, Hirakava isə uşaqlıq arzusunu gerçəkləşdirməyin qürurunu yaşayıb.

İlk yarış təcrübəsini və keçirdiyi hissləri dəyərləndirən Ryo Hirakava deyib: “Açığı, bu gün xüsusilə startda və ilk dövrədə daha yaxşı edə biləcəyimiz çox şey var idi.

Birinci döngəyə daxil olarkən ətrafımızda bu qədər bolid olduğu üçün əyləcləmə nöqtəsini müəyyənləşdirmək heç də asan deyildi. Əsas məqsədim yarışı başa vurmaq və təcrübə qazanmaq olduğundan başlanğıcda bir qədər həddindən artıq ehtiyatlı davrandım və risk etmədim.

Yarışın ilk hissəsi mənim üçün kifayət qədər çətin keçdi. Ancaq rəqiblərimin hərəkətlərini izləyərək daim yeni şeylər öyrənirdim. Təhlükəsizlik avtomobilindən sonra yumşaq təkərlərə keçəndə özümə inamım xeyli artdı. Son hissədə özümü daha rahat hiss edirdim və tras üzərində iki bolidi geridə qoymağı bacardım.

Mübarizəni bu şəkildə başa vurduğum üçün çox xoşbəxtəm. Bu gün uşaqlıq arzum gerçəkləşdi və yaşadıqlarımı tam anlamaq üçün bir qədər vaxta ehtiyacım var. Sadəcə bu özəl anın dadını çıxarmaq istəyirəm”.

Bunları da oxuyun

Şərh əlavə et