Pirelli Motorsport-un direktoru Dario Marrafuski yarışın yekunlarını dəyərləndirib: “Kimi Antonellini çempionluq titulu münasibətilə təbrik edirik. Bu, tamamilə layiqli uğurdur. O, mövsüm ərzində nümayiş etdirdiyi sabit çıxışlarla bu nəticəyə layiq olduğunu sübut edib. Bu gün isə iki dünya çempionunun iştirak etdiyi dramatik yarışda podiuma yüksələrək növbəti möhtəşəm nəticəyə imza atdı.
Yarış qırmızı bayraqlarla dayandırılmasaydı, bir pit-stop strategiyası bu Qran Pri üçün ən yaxşı seçim olardı. Soft və Medium təkərlərlə məsafənin təxminən yarısını qət etmək mümkün idi. Bu da yalnız bir təkər dəyişikliyi ilə kifayətlənməyə imkan verərdi.
Soft tərkibi ilişmə və pilotlara verdiyi inam baxımından yenə ən yaxşı seçim oldu. Lakin Meksikada Medium ilə fərq çox cüzi idi, aşınma səviyyələri də bir-birinə yaxın idi. Buna görə də bütün pilotların son stint üçün Soft seçməsi təəccüblü deyil. Halbuki hər birinin əlində bir yeni dəst Hard təkər də qalmışdı.
Ciddi dənlənmə qeydə almadıq. Aşınma gözlənilən həddə qaldı və hətta cümə günü müşahidə etdiyimiz göstəricilərdən aşağı oldu.
Yenidən start zamanı Leklerin təkərləri bloklaması Formula 1 təkərlərinin davamlılığını bir daha nümayiş etdirdi. Asfalt üzərində sürüşmə sol ön təkərdə güclü lokal aşınmaya səbəb oldu və nəticədə onun daxili qatlarına qədər uzanan sürtünmə izi yarandı.
Belə aşınma adi hal deyil. Lakin bu cür hallar təkərlərin hazırlanması və sınaq prosesinin bütün mərhələlərində nəzərə alınır. Məqsədimiz hətta ekstremal şəraitdə belə təkərin bütövlüyünü qorumaqdır. Bu da pilotlara yarışı tam təhlükəsiz şəkildə davam etdirməyə imkan verir”.






Şərh əlavə et