Xəbəri Kokpitdə Oxuyun!

Alpine sürücüləri cəza alıblar

Alpine komandası Meksika Qran Prisindən sonra iki pilotunun aldığı cəzalarla üzləşib. Yarışdan sonrakı araşdırmalar nəticəsində Pyer Qasli və Franko Kolapinto sarı bayraq qaydalarını pozduqlarına görə ağır cəzalandırılıblar.

Franko Kolapinto və Pyer Qasli yarışı müvafiq olaraq yeddinci və doqquzuncu yerlərdə başa vuraraq Alpine-ə ümumilikdə səkkiz xal qazandırıblar. Bu nəticə Fransa komandasının çempionatda beşinci yer uğrunda mübarizədə Racing Bulls ilə fərqi azaltması baxımından əhəmiyyətli olub.

Lakin yarışdan sonra hər iki pilot mümkün sarı bayraq pozuntularına görə stüardların araşdırmasına cəlb edilib. Araşdırmanın yekununda hər iki sürücüyə cəza verilib.

Qasliyə “dayan və davam et” cəzası tətbiq olunub və onun cərimə xallarına iki xal əlavə edilib. Cəza zaman cəzasına çevrildikdən sonra fransalı pilot doqquzuncu yerdən sonuncu, yəni 17-ci pilləyə geriləyib.

Kolapinto isə 10 saniyəlik zaman cəzası və bir cərimə xalı alıb. Bu qərardan sonra argentinalı pilot xal zonasından çıxaraq 15-ci yerə düşüb.

Cəzaların ardından debüt yarışını keçirən Rio Hirakava 10-cu yerə yüksələrək Haas üçün ilk yarışında xal qazanıb. Liam Louson da yeddinci pilləyə qalxıb.

Qasliyə verilən ağır cəzanın səbəbi ilə bağlı stüardların qərarında deyilir: “Stüardlar 10 nömrəli bolidin pilotu Pyer Qaslini və komanda nümayəndəsini dinləyib. Həmçinin mövqe və bayraq sistemi məlumatlarını, görüntüləri, zamanlama məlumatlarını, telemetriyanı və bort kamerasının qeydlərini araşdırıblar.

Pilot və komanda nümayəndəsi ikiqat sarı bayraqların dalğalandığı sektorda sürətin əhəmiyyətli dərəcədə azaldığını iddia edib. Lakin telemetriya məlumatlarının və həmin sektordan keçən digər bolidlərin göstəricilərinin ətraflı təhlilindən sonra stüardlar müəyyən edilən cüzi sürət azalmasının qaydaların tələblərini yerinə yetirmək üçün kifayət etmədiyi qənaətinə gəliblər”.

Kolapintoya verilən cəzanın səbəbi isə Qaslinin cəzasından fərqlənib. Argentinalı pilotun pozuntusu ilə bağlı stüardların hesabatında belə qeyd olunub: “Stüardlar 43 nömrəli bolidin pilotu Franko Kolapintonu və komanda nümayəndəsini dinləyib. Həmçinin mövqe və bayraq sistemi məlumatlarını, görüntüləri, zamanlama məlumatlarını, telemetriyanı, komanda radiosunun yazılarını və bort kamerasının qeydlərini araşdırıblar.

Pilot və komanda qaydalarda göstərilən sürəti azaltmaq və istiqamət dəyişməsinə hazır olmaq tələblərinə əməl edildiyini sübut etdiyini düşündükləri telemetriya məlumatlarını və fotoşəkilləri təqdim ediblər. Lakin telemetriya məlumatlarının və bort kamerası görüntülərinin ətraflı təhlili stüardları birqat sarı bayraq olan sektorda pilotun sürəti kifayət qədər azaltdığına inandırmayıb.

Əvvəlki ikiqat sarı bayraq olan sektorla bağlı isə stüardlar pilotun qaydaların tələblərinə əməl edə bilməsi üçün kifayət qədər xəbərdarlıq alıb-almadığına dair ciddi şübhələrin olduğunu müəyyən ediblər. Buna görə də həmin sektorda hər hansı pozuntunun baş verdiyi qənaətinə gəlməyiblər”.

Rauf Hacıyev

Şərh əlavə et