Oskar Piastri Arvid Lindbladın baryerlərə çırpılması ilə nəticələnən insidentdən sonra stüardlar tərəfindən cəzalandırılıb. Nəticədə avstraliyalı pilot Meksika Qran Prisini xalsız başa vurub.
Sprint yarışları da daxil olmaqla, ardıcıl 60 dəfə sıralanma turunun sonuncu mərhələsi olan Q3-ə yüksələn Piastrinin bu seriyası Autodromo Hermanos Rodriguez trasında başa çatıb.
Sıralanma turunu yalnız 12-ci yerdə tamamlayan avstraliyalı pilot yarışa orta qrupdan başlamaq məcburiyyətində qalıb.
Startda üç mövqe qazanan Piastri daha sonra Franko Kolapinto və Arvid Lindbladı da geridə qoyaraq yeddinci yerə yüksəlib. Valtteri Bottasın qəzasından sonra təhlükəsizlik avtomobili trasa çıxanda avstraliyalı pilot rəqibindən 13 saniyə öndə olub. Lakin təhlükəsizlik avtomobili trasdan ayrıldıqdan sonra yarış bərpa olunarkən Lindblad Piastrini geridə qoymağı bacarıb.
12 dövrə ərzində rəqibinə təzyiq göstərən Piastri birinci döngədə xarici trayektoriyadan hücuma keçib. İkinci döngəyə çatanda daxili trayektoriyada olan avstraliyalı pilot kifayət qədər erkən yavaşlamayıb və sağ ön təkəri ilə Racing Bulls bolidinin sol arxa təkərinə toxunub. Toqquşmadan sonra Lindblad baryerlərə çırpılıb.
Piastri insidentdən sonra baş verənləri belə izah edib: “Əvvəlcə daxili tərəfdən ötməyə çalışdım, amma o, həmin tərəfi çox gec bağladı. Buna görə də təmasdan yayınmalı oldum və özümü xarici trayektoriyada tapdım.
Oradan da hücum etməyə çalışdım. Açığı, məni kifayət qədər genişə sıxışdırdı və həmin anda onu tam keçə bilməyəcəyimi başa düşdüm. Buna görə də geri çəkilməyə çalışdım. Lakin məni o qədər kənara sıxdı ki, daha sola getməyə yerim qalmadı. Nəticədə təkərlərimiz bir-birinə ilişdi və təmas baş verdi”.
Sürüş qaydalarına əsasən, rəqibi ilə kifayət qədər yan-yana olub-olmadığı və ona trasda yer saxlanılmalı olub-olmadığı barədə sualı cavablandıran Piastri deyib: “Bu, həmişə qiymətləndirilməsi çətin olan vəziyyətdir. Demək olar ki, tamamilə yan-yana idik. Üstəlik, ilk növbədə qəzanın qarşısını almağa çalışdığım üçün həmin mövqeyə gəlmişdim.
Çətin vəziyyətdir. Amma təmas baş verən anda ikimiz də düz hərəkət edirdik. İkinci döngənin daxili tərəfinə bolidimin burnunu salmağa çalışıb özümə aid olmayan yerə girməmişdim. Mövqedən geri çəkilməyə çalışırdım və artıq trasdan kənarda idim. Bundan artığını etməyim həqiqətən mümkün deyildi”.
FIA stüardları Piastrinin hərəkətini səhv hesab edərək McLaren pilotuna 10 saniyəlik zaman cəzası veriblər. Yarışı yeddinci yerdə davam etdirən Piastri bu cərimədən sonra xal zonasından kənara düşüb.
Stüardların qərarında deyilir: “Birinci döngəyə yaxınlaşarkən 81 nömrəli bolidin (Piastri) pilotu 41 nömrəli bolidi (Lindblad) xarici tərəfdən ötməyə çalışıb. Lakin 81 nömrəli bolid heç vaxt 41 nömrəli bolidlə tam yan-yana olmayıb. Buna görə də döngədə üstünlük hüququ qazanmayıb.
Birinci döngə boyunca 41 nömrəli bolidin pilotu əyləci buraxaraq mövqeyini müdafiə edib. Lakin 81 nömrəli bolidi trasdan kənara sıxışdırmayıb və xarici tərəfdə ona yarış üçün yer saxlayıb. Bunu etməyə də borclu deyildi.
Stüardlar belə qənaətə gəliblər ki, 81 nömrəli bolidin pilotu birinci döngədən sonra daha sola yönəlsəydi, bunun üçün ikinci döngədən əvvəl trasdan kənara çıxmalı olsa belə, təmasın qarşısını ala bilərdi”.




Şərh əlavə et