Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Qələbəni startda itirdik

Meksika Qran Prisini ikinci yerdə başa vuran Lyuis Həmilton yarışdan sonra həm keçmiş komandası Mercedes-in gənc pilotu Kimi Antonellinin Dünya Çempionluğunu təbrik edib, həm də komanda yoldaşı Şarl Leklerlə ilk dövrədə yaşadığı insidentə münasibət bildirib.

 

Tarixin ən gənc dünya çempionu olan Antonellini təbrik edən və bu tarixi anlara tras üzərində şahidlik etməkdən qürur duyduğunu söyləyən britaniyalı pilot yarış tempi baxımından qələbəyə layiq olduqlarını düşünür.

Lyuis Həmilton Meksika Qran Prisinin podiumunda çıxışı zamanı deyib: “Əvvəlcə bu möhtəşəm izdihama baxın! Buradakı azarkeşlərə çox təşəkkür edirəm.

Antonellini və Mercedes komandasını ürəkdən təbrik edirəm. Onların yuxarıda bu böyük uğuru qeyd etməsini görmək möhtəşəmdir. Tarixin ən gənc Dünya Çempionu olmaq həqiqətən qeyri-adi nailiyyətdir. Yarışın içində bu anlara şəxsən şahidlik edə bildiyim üçün çox sevinirəm.

Bizim üçün çətin gün oldu. Düşünürəm ki, bu gün yarışı qazanmaq üçün kifayət qədər sürətimiz və tempimiz var idi. Amma alınmadı. Komanda ilə oturub danışmalı və nələri daha yaxşı edə biləcəyimizi müəyyənləşdirməliyik.

Pilotların görüşündə birinci döngədə trasdan kənara çıxdığınız halda mövqeyi geri qaytarmalı olduğunuz açıq şəkildə bildirilmişdi. Keçən il mən də bu gün onun etdiyi manevrin eynisini edəndə 10 saniyəlik cərimə almışdım. Açığı, bu gün qələbəni itirməyimizin səbəbi məhz bu hadisə oldu.

Nəticədə dəyərli xallar qazandıq. Qələbəni əldən vermək məyusedicidir, amma idmanda bəzən qazanırsınız, bəzən də uduzursunuz”.

Rauf Hacıyev

Şərh əlavə et