Xəbəri Kokpitdə Oxuyun!

ABŞ sprint sıralanma: Maks Ferstappen zirvəyə qayıdıb

Birinci sərbəst yürüşlərdən sonra keçirilən sprint yarışının sıralanma turunda Maks Ferstappen poul qazanıb. Corc Rassell ikinci, Şarl Lekler üçüncü yer tutublar. Amerika Qran Prisinin Sprint yarışı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Birinci sessiya – Lekler lider, Piastri ələnib

Ostindəki sprint yarışının sıralanma turu günəşli hava şəraitində başlayıb. Yaşıl bayrağın sallanması ilə sürücülər 12 dəqiqəlik mübarizə üçün trasa çıxıblar. İlk cəhdlərdən sonra Lyuis Həmilton 1.33.840 zaman nəticəsi ilə zirvəyə oturub.

İlk sessiyanın sonların Williams komandasından Aleks Elbon 19-cu döngədə yerində fırlanıb. Taylandlı sürücü bariyerlərə çırpılmasa da, birinci sessiyadan ələnib.

Ferrari komandasından Şarl Lekler Lyuis Həmiltonu 0.193 saniyə qabaqlayaraq liderliyi ələ alıb. Həmilton ikinci, Maks Ferstappen üçüncü yeri tutub.

Ələnən sürücülər isə bunlar olub – Oskar Piastri, Esteban Okon, Aleks Elbon, Valtteri Bottas və Quanyu Çjou

İkinci sessiya – Sayns zirvədədir, Peres isə ələnir

İkinci sessiyada trasa ilk çıxan Haas komandasının sürücüləri olub. İlk cəhdlərdən sonra ilə Ferrari komandasının sürücüsü Karlos Sayns 1.33.274 zaman nəticəsi ilə liderliyə yüksəlib. Geri qalan dəqiqələrdə ispaniyalı sürücünü keçə bilən olmayıb.

Red Bull komandasından Maks Ferstappen 0.016 saniyə fərqlə ikinci, Lyuis Həmilton isə üçüncü yeri tutub.

İkinci sessiyadan ələnə pilotlar bunlar olub – Serxio Peres, Fernando Alonso, Liam Louson, Pyer Qasli, Ləns Stroll

Son sessiya – Maks Ferstappen poulda

Son sessiyada sürücülər poulun taleyini həll etmək üçün trasa çıxıblar. Lakin Williams komandasının sürücüsü Franko Kolapinto birinci döngədə bolidin idarəetməsini itirib və qısa müddətli olsa da, sarı bayraqların çıxmasına səbəb olub. Buna baxmayaraq gənc sürücü bariyerlərə çırpılmadan yoluna davam edə bilib.

Red Bull komandasının sürücüsü Maks Ferstappen isə  son cəhdində 1.32.833 zaman nəticəsi ilə poul qazanıb. Onu Mercedes komandasından Corc Rassell izləyib. İki sürücünün arasında sadəcə 0.012 saniyə fərq olub.

Şarl Lekler üçüncü, Lando Norris dördüncü, Karlos Sayns beşinci yeri tutub. Daha əvvəl. bu trasda beş yarış qazanmış Lyuis Həmilton isə 6-cı yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et