Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Zərəri minimuma endirdik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Sinqapur yarışı onlar üçün yaxşı keçməyib və o, zərəri minimuma endirməyə çalışıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Sinqapur Qran Prisinin sıralanma turunda qəza edib və 10-cu yeri tutub. Yarış da 30 yaşlı sürücü üçün yaxşı başlamayıb. O, startda Franko Kolapinto və Serxio Peresin gerisinə düşərək, 12-ci yerə geriləyib.

Lakin Karlos Sayns yarışın sonunda 7-ci ola bilib və çətin keçən həftəsonundan 6 xalla qayıdıb.

Karlos Sayns: “Yeddinci yeri demək olar ki, yarışdan əvvəl proqnozlaşdırmışdıq. Zərəri azaltmaq üçün keçirdiyimiz yarışlardan idi. Keçən il burada sıralanma turu bolidin ən üstün tərəfi idi. Bu il isə yarışda daha güclüyük və sıralanma turunda çətinlik çəkirik. Bunun səbəbini tapmalıyıq”.

Yarışın startında Franko Kolapinto ispaniyalı sürücünü daxili trayektoriyadan keçib. Karlos Sayns startda argentinalı pilot ilə yaşadığı mübarizədən də danışıb: “Çirkli tərəfdən başladığım üçün çox pis start almadım. Nisbətən yaxşı başladığımı düşünürəm. Sonra ilk döngədə əyləcə basarkən öndəki Şarla fikir verməli idim və bu anda Williams daxili trayektoriyadan gəldi. Əyləcə çox gec basdı. Deyəsən Franko idi.

Yenə də heç nə olmadı, amma komandası ilə birlikdə çempionluq uğrunda mübarizə aparan komandalara qarşı bir az daha diqqətli olmalısınız”.

Rauf Hacıyev

Şərh əlavə et