Xəbəri Kokpitdə Oxuyun!

Lando Norris işıqlar altında qalib olub

Formula 1 üzrə Sinqapur yarışının qalibi Lando Norris olub. Onu Maks Ferstappen və Oskar Piastri izləyiblər.

Kokpit.az xatırladır ki, Siqapur Qran Prisinin birinci sərbəst yürüşlərində Şarl Lekler, ikinci və üçüncü sərbəst yürüşlərdə isə Lando Norris hamıdan sürətli olub. Dünən keçirilən sıralanma turunda isə Lando Norris poul qazanıb. İkinci yeri Maks Ferstappen, üçüncü yeri Lyuis Həmilton, dördüncü yeri Corc Rassell, beşinci yeri isə Oskar Piastri tutublar.

2024-cü ilin Sinqapur yarışının qızdırma dövrəsi Marina Bay trasının əfsanəvi axşam işıqlarında başlayıb. Yarışda ilk 13 yerdə başlayan sürücülərdən 12-i Medium təkərləri seçiblər. Yalnız üçüncü yerdən başlayan Lyuis Həmilton işlənmiş Soft təkərləri seçib.

Beş qırmızı işığın sönməsi ilə yarış başlayıb və Lando norrris yaxşı startla yerini qoruyub. Maks Ferstappen və Lyuis Həmilton ilk döngədə ikinci yer uğrunda mübarizə aparsalar da, iki sürücü də yerlərində qalıblar. Əvəzində Karlos Sayns startın itirən olub və 10-cu yerdən 12-ci yerə geriləyib. Azərbaycanda ilk xallarını qazanan Franko Kolapinto isə yaxşı startla 9-cu yerə yüksəlib. Arxada isə Şarl Lekler və Fernando Alonso birinci döngədə tras xaricinə çıxsalar da, qaçış zonasından yenidən trasa qayıda biliblər.

Yarışın üçüncü sövrəsində Lando Norris ikinci yerdəki Maks Ferstappenlə fərqi 1.5 saniyəyə qaldırıb və onu DRS məsafəsindən atıb. 10-cu dövrədə isə Serxio Peres doqquzuncu yer uğrunda Kolapinto ilə mübarizə aparsa da, ötməni tamamlaya bilməyib.

Yarışın 11-ci dövrəsində yarışa Soft təkərlə başlayan Daniel Rikkardo pitə gələrək Medium təkərlərə keçib. Bir dövrə sonra Aleks Elbon pitə gəlib və Hard təkərləri götürüb. Bu anda liderlər qrupunda Lando Norris Maks Ferstappenlə fərqi 6.7 saniyəyə qədər yüksəldib. Yarışın 14-cü dövrəsində Karlos Sayns boksa gəlib və Hard təkərlərlə yenidən trasa qayıdıb.

15-ci dövrədə isə Aleks Elbonun maşının motor çox qızdığı üçün yarışdan çəkilməli olub. Yarışın 18-ci dövrəsində yarışa Soft təkərlərlə başlayan Lyuis Həmilton pitə gələrək, Hard təkərlərə keçib və trasa 13-cü yerdə qayıdıb. 22-ci dövrədə isə Lando Norris Maks Ferstappenlə fərqi 16 saniyəyə qədər qaldırıb. 28-ci dövrədə Corc Rassell pitə gələrək, Hart təkərləri götürüb və trasa Lyuis Həmiltonun önündə qayıdıb. Ondan bir dövrə sonra isə Serxio Peres pitə gəlib və Hard təkərlərə keçib. Meksikalı pilot trasa 14-cü yerdə qayıdıb. Bu anda Lando Norris döngəyə girərkən divara yüngül formada təmas edib, amma yoluna davam edə bilib. 30-cu dövrədə Norris radiodan komandasına bolidində problem olduğunu deyib. Bu anda Maks Ferstappen pitə gələrək Hard təkərləri seçib və yarışa 4-cü yerdə qayıdıb.

Yarışın lideri Lando Norris 31-ci dövrədə pitə gəlib və Hard təkərləri götürüb. O, trasa elə birinci yerdə də qayıdıb. Daha sonra Norrisin maşınında heç bir problemin olmadığı aşkarlanıb. Britaniyalı sürücüyə radiodan deyilib ki, ön qanadında kiçik problem olsa da, ciddi deyil. Yarışın 35-ci dövrəsində isə Corc Rassell hələ pitə girməmiş Şarl Leklerə hücumlar edib. Amma 37-ci dövrədə Ferrari monakolu sürücüsünü pitə çağırıb və onu Hard təkərlərə keçirib. Şarl yarışa 8-ci yerdə qayıdıb. 39-cu dövrədə isə Oskar Piastri pitə gəlib və Hard təkərlərə keçib. O, trasa iki Mercedes sürücüsünün arxasında – 5-ci yerdə qayıdıb. Lakin iki dövrə sonra avstraliyalı sürücü Lyuis Həmiltonu keçərək, 4-cü yerə yüksəlib. Elə bu anda Şarl Lekler də Fernando Alonsonu ötərək, yeddinci yerə çıxıb.

Yarışın 44-cü dövrəsində Oskar Piastri önündəki Corc Rassellə hücumlar edib və bir dövrə sonra Lyuis Həmiltonu keçdiyi 7-ci döngədə Rasselli də geridə qoyub və podiumun son pilləsinə yüksəlib.

50-ci dövrədə Lando Norris Maks Ferstappenlə fərqi 27 saniyəyə qədər çıxarıb və rahat formada yarışa başçılıq edib. Bu anda Kevin Maqnussenin təkəri partlayıb və yavaş-yavaş pitə gəlib. Lekler isə önündəki Lyuis Həmiltona hücum edərək, onu keçib və 5-ci yerə yüksəlib. Yarışın bitməsinə 5 dövrə qalmış isə Lekler önündəki Corc Rassellə yaxınlaşıb. Sona 1 dövrə qalmış monakolu pilot Rassellin DRS zonasına çatıb və hücumlar etsə də, nəticə verməyib. Doqquzuncu yer uğrunda isə Serxio Peres Niko Hülkenberqə hücumlar edib, ancaq nəticəsi olmayıb.

Yarışın bitməsinə 3 dövrə qalmış Haas komandası radiodan Maqnussenə boksa gəlməsini və mübarizəni dayndırmasını istəyib.

Beləliklə, yarışı Lando Norris rahatlıqla qazanıb. Maks Ferstappen ikinci, Oskar Piastri üçüncü olub. Bu üç sürücüdən sonra sıralanma belə olub – Rassell, Lekler, Həmilton, Sayns, Alonso, Hülkenberq, Peres.

Red Bull komnadası son dövrələrdə RB komandası ilə strategiya qurub və bunun nəticəsində Daniel Rikkardo ən sürətli dövrəni Lando Norrisdən alıb və britaniyalı sürücünün çempionluq yolunda 1 xal artıq almasına mane olub.

Rauf Hacıyev

Şərh əlavə et