Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Maşında çox zədə var

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Sinqapur Qran-Prisinin sıralanma turunda etdiyi qəzaya görə boliddə çox problem yaranıb. Bundan başqa Karlos qəzadakı bütün məsuliyyəti öz üzərinə götürüb. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunun üçüncü sessiyasının bitiminə 8 dəqiqə qalmış 19-cu döngədə bariyerlərə çırpılıb və mübarizəni dayandırıb. Qəzadan sonra sessiya qırmızı bayraqlarla dayandırılıb və Karlos Sayns sıralanma turunda 10-cu yeri tutub. 

Daha sonra jurnalistlərə müsahibə verən Sayns qəzanı belə dəyərləndirib: “Sürətli dövrə üçün önümü boşaltmağa çalışırdım və bir neçə rəqibimə yol verməli oldum. Təkərlərim də gözlədiyimdən çox soyuq idi. Döngədəki qabarda asfaltla ilişməni səhv dəyərləndirdim. Yəni ki, tamamilə mənim səhvim idi”.

Karlos Sayns bildirib ki, o ümumilikdə həftəsonu ərzində bolidin performansından narazı qalıb: “Bu həftəsonu mənim üçün böyük mübarizə oldu. Həftəsonu ərzində bir neçə yaxşı dövrə vurdum, amma ümumilikdə çox qeyri-stabil idi. Cümə günü əyləclərlə bağlı problemlər yaşadım. Bu da həftəsonuna hazırlanmağıma heç kömək etmədi.

Burada əsas olan inam qanzanmaq, birinci sərbəst yürüşlərdən sıralanma turunun son sessiyasına qədər mükəmməl dövrə vurmaqdır. Mən bu həftəsonu bunu edə bilmədim. Cümə günü bir tem tuta bilmədik və sıralanma turunda təkər və əyləcləri düzgün pəncərəyə salmaq çox çətin idi.

Yarışda nələrin baş verəcəyini bilmirəm. Düzünü desək, boliddə çox zədə var. Buna görə də nə edəcəyimizi bilmirəm. Ümid edirəm ki, Bakıdakı kimi temp tuta bilərəm və sonra tempimiz yüksələr”.

Rauf Hacıyev

Şərh əlavə et