Kokpit.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunun üçüncü sessiyasının bitməsinə 8 dəqiqə qalmış son döngədə qəza edib və bariyerlərə çırpılıb. O, qəzadan yaralanmadan qurtulub və boliddən çıxıb. Sessiyanın qırmızı bayraqlarla dayandırılması ilə gəzərək pit yoluna gəlib. Lakin bu anda trasda euakvatorlar var idi və Karlos trasda gəzdiyi üçün stüardlar tərəfindən izahat verməyə çağırılıb.
Buna bənzər hadisə keçən il Qətər Qran Prisində yaşanmış və Lyuis Həmiltona 50 min avro pul cəzası verilmişdi. Lyuis Həmilton Qətər yarışının startında birinci döngədə Corc Rassell ilə insident yaşamış və sağ arxa təkərini qıraraq mübarizəni dayandırmışdı.
Yarış təhlükəsizlik maşını altında davam edərkən Lyuis Həmilton Rassellin pitdən çıxmasından bir neçə saniyə əvvəl birinci döngənin xaricindən pit yoluna keçmişdi. Buna görə FİA-nın stüardları yeddiqat Dünya Çempionunu izahata çağırmış və Həmilton üzr istəmişdi. FİA bu barədə belə açıqlama vermişdi: “İzahat vaxtı 44 nömrəli maşının sürücüsü çox üzr istədi və yaranan vəziyyətin həm özü, həm də digər sürücülər üçün çox təhlükəli ola biləcəyini anladı. Stüardlar canlı trasdan keçməyin çox təhlükəli hallara yol verəcəyini və sürücülərin bu hallarda çox diqqətli olmasını bildirir”.
Ancaq yarışdan bir həftə sonra FİA hadisənin düşünüldüyündən çox daha ciddi olduğunu və bunun gənc sürücülər üzərində səhv təəssürat yaradacağını səbəb göstərmiş və britaniyalı pilot barədə yenidən araşdırma başlatmışdı.
İndi isə trası gəzərək keçən Karlos Sayns cəza alma təhlükəsi ilə üz-üzədir. İspaniyalı pilot qəzadan sonra sıralanma turunda 10-cu yeri tutub.
Qeyd edək ki, Karlos Sayns keçən həftə Azərbaycan yarışının son dövrələrində Red Bull komandasının sürücüsü Serxio Pereslə insident yaşamışdı.
Şərh əlavə et