Xəbəri Kokpitdə Oxuyun!

Kimi Antonelli Formula 1-də ilk mübarizəsini qazanıb

Andrea Kimi Antonelli Formula 1-ə gəlməmiş ilk qələbəsini qazanıb. Belə ki, o seçdiyi yarış nömrəsində Cek Duhəni qabaqlaya bilib.

Kokpit.az bildirir ki, Andrea Kimi Antonelli Cek Duhəni qabaqlayaraq 12 nömrəli maşınla Formula 1-də çıxış etməyə haqq qazanıb.

Formula 1-in hazırkı idman reqlamentinə görə sürücülər bütün Formula 1 karyeraları ərzində bir nömrə seçərək yarışmalıdırlar. Nömrələr isə bir pilot Formula 1-dən getdikdən iki il sonra yenidən istifadə edilə bilər.

Braziliyalı Felipe Nasr 2015-2016-cı illərdə Formula 1-də iki mövsüm keçirmiş və bu müddət ərzində 12 nömrədən istifadə etmişdi. Yəni 12 nömrəni 2019-cu ilin əvvəlindən istifadə etmək mümkün idi.

Gələn il Formula 1-də bir neçə debütant sürücü olacaq. Bunlardan ikisi – Alpine komandasında debüt etməyə hazırlaşan Cek Duhən və Mercedes-də debüt etməyə hazırlaşan Kimi Antonelli – 12 nömrəni istəyiblər və burada maraqlı vəziyyət yaranıb.

Keçən həftə Alpine komandası Cek Duhənlə müqavilə bağladıqdan sonra avstraliyalı pilot növbəti mövsüm üçün 12 nömrə ilə yarışmaq istədiyini demişdi: “Artıq əminəm ki, bu hamıya məlumdur, amma mən 12 nömrəni seçəcəm.

Yay tətili ərzində bu barədə düşündüm və sonra qərara gəldik ki, 12 nömrə ilə Formula 1 karyerama başlayım”.

Lakin buradan belə görünür ki, Alpine və Duhənin xəbəri olmadan Mercedes komandası Antonelliyə 12 nömrə üçün çoxdan müraciət edib.

FİA-nın qaydalarına görə iki sürücü eyni anda eyni nömrə üçün müraciət edirsə, üstünlük ilk müraciət edən sürücüdə olur. Əksər resurslar isə Mercedes-in daha tez tərpəndiyini deyir. Bu isə o deməkdir ki, Cek Duhən yarışmaq üçün başqa nömrə seçməlidir.

Kimi Antonelli İtaliya Qran Prisi zamanı 12 nömrənin onun üçün vacib olduğunu, bunun səbəbkarının isə Ayrton Senna olduğunu deyib. Senna 1985-ci ildən 1988-ci ilə qədər 12 nömrə ilə çıxış etmişdi.

Kimi Antonelli: “Bəli. 12 nömrəni götürəcəyəm. Sevdiyim nömrələr çoxdur, amma 12 xüsudidir, çünki kumirimin nömrəsidir. Bu nömrəni Formula 4-dən bəri istifadə edirəm. Həmişə 12 ilə işlərim yaxşı gedib. Buna görə də növbəti mövsümdə bunu dəyişməyə səbəbim yoxdur”.

Qeyd edək ki, Kimi Antonelli İtaliyadakı birinci sərbəst yürüşlərdə 12 nömrə ilə çıxış etmişdi.

Hər komanda birinci sərbəst yürüşlərdə gənc sürücülərlə trasa çıxarkən ehtiyatda iki nömrə saxlayırlar. Bu, Mercedes-də 42 və 43 nömrələridir. Lakin 43 nömrəni bu həftəsonu Williams ilə debüt edən Franko Kolapinto götürmüşdü. Antonelli isə trasa 42 nömrə ilə çıxmaq istəmədiyi üçün 12-ni seçmişdi

Rauf Hacıyev

Şərh əlavə et