Xəbəri Kokpitdə Oxuyun!

Haas sürücüləri Zandfortu dəyərləndiriblər

Haas komandasının sürücüləri Niko Hülkenberq və Kevin Maqnussen növbədəki Niderland Qran Prisi barədə fikirlərini bölüşüblər.

Kokpit.az bildirir ki, Zandfort trasının Niko Hülkenberq üçün yeri ayrıdır, çünki o, aşağı seriyalarda yarışarkən bu trasda çoxlu uğurlar qazanıb.

Bundan başqa almaniyalı sürücü Niderlandla Almaniyanın sərhəddində anadan olub. Buna görə də 37 yaşlı sürücü Niderland dilini bilir və qum təpələrinin arasındakı bu yarışı səbirsizliklə gözləyir.

Hazırda Sürücülər Çempionatında 11-ci yerdə olan Niko Hülkenberq Niderland Qran Prisi barədə müsbət düşüncədədir. O, həm də trasa gələn və orada başqa ab-hava yaradan “Narıncı Ordu” azarkeş qrupundan da çox razıdır: “Aşağı seriyalarda Zandfortda çox yarışa çıxmışam. Buranı lap əvvəldən tanıyıram.

Mən Niderland sərhəddinə yaxın bir yerdə anadan olmuşam. Burada olmaq məni xüsusi hiss etdirir. Zandfortda yarışmaq mənim üçün xüsusi hissdir.

Oranın gözəl havası var. Gözəl yerdir. Niderlandın narıncı azarkeş ordusu tam heyətlə oradadır və həmişə gözəl ab-hava yaradırlar”.

Zandfort trası həm dardır, həm də döngələri çoxdur. Buna görə də burada ötmə etmək çox çətindir. Həm də tras dənizə çox yaxındır. Bu səbəbdən külək qum dənəciklərini trasa sovuraraq, asfaltla ilişməni azaldır.

Lakin Niko Hülkenberq buna görə narahat deyil. O, düşünür ki, bu hal sadəcə çətinliyi bir az artırır: “Köhnə tərzdə olan, dar və qısa trasdır. Burada ötmə etmək çox çətindir, amma yenə də əyləncəli və həyəcanlıdır”.

Qeyd edək ki, təcrübəli Niko Hülkneberq Niderland sərhəddindən 5 kilometr uzaqlıqda anadan olub.

Haas komandasının digər sürücüsü Kevin Maqnussen də ənənəvi Zandfortu səbirsizliklə gözləyir. Danimarkalı pilot növbədəki yarış üçün təəssüratlarını bölüşüb: “Çox köhnə trasdır və demək olar ki, 70-ci illərdən bəri çox dəyişməyib. Zandfortda yarışmaqdan həzz alıram, çünki bura əsl sürücülərin trasıdır. Orada doğrudan da limitdə sürürsünüz. Mövsümün ikinci hissəsinə hazır və gümrah başlayacağam”.

Qeyd edək ki, hər iki sürücü də yay tətillərini ailələri ilə birlikdə keçiriblər.

Rauf Hacıyev

Şərh əlavə et