Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Aston Martin az danışmalıdır

Aston Martin komandasının sürücüsü Fernando Alonso İspaniya yarışından sonra çox sərt danışıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü vətənindəki yarışda 11-ci olaraq, xal qazana bilməyib. Yarışdan sonra isə deyib ki, Aston Martin bu yarışda xal qazanmağa layiq olmayıb. Fernando Alonso bununla da son 4 yarışın sadəcə 1-dən xal qazanmış olub.

Fernando Alonso: “Bir az məyusam, çünki xal qazana bilmədik. Sözün açığı xalsıq qalmağa layiq idik, çünki bütün həftəsonu ərzində tempimiz yox idi.Yarışda hər şey çox çətin idi, çünki döngələrdə çox sürüşəndə təkərləri öldürürsünüz. Bundan başqa tempimiz də yox idi. Yekunda bizim üçün çox uzun və çətin yarış oldu. Uğur qazanmaq üçün daha yaxşı olmalıyıq”.

Fernando Alonso əlavə edib ki, AMR24-də asfaltayatma qüvvəsi zəifdir və buna görə də Avstriya və Sulverstoun kimi traslarda daha çox problem yaşaya bilərlər. O komandasına müraciət edib ki, artıq yenilik iddialarında əl çəkib, trasda performans göstərmək üçün işləmək lazımdır.

Fernando Alonso: “Çox əsəbpozucu haldır.  Hazırda əlimizdən heç nə gəlmir. Növbəti yarışın Avstriya olduğunu düşünəndə nəyi fərqli edə biləcəyimiz barədə fikirləşirik. Amma məncə, orada da həftəsonu bizim üçün çətin keçəcək, çünki uzun döngələri ilə Barselonanın bəzi xüsusiyyətlərini özündə daşıyır. Böyük ehtimalla Silvertounda da bizi çox çətin həftəsonu gözləyəcək.

Çox məyus olmayacağıq. Daha çox işləmək, daha az danışmaq və güclü olmaq üçün əlimizdən gələni etməyin vaxtı gəlib çatdı. Bunu etmək istəyirik. Bolidə çoxlu yeniliklər gətirdik, amma nəticəsi olmadı.

İndi isə əsas hədəfimiz odur ki, yarışlara nə yenilik gətiririksə, gözləntilərimizi qarşılasın və buz də getdikcə daha da güclü performans göstərək. Çox işləməli və hər yarış da daha da güclü olmalıyıq, amma bunları az danışaraq etməliyik”.

 

Rauf Hacıyev

Şərh əlavə et