Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns vətənində zirvəyə oturub

2024-cü ilin İspaniya Qran Prisində son sərbəst yürüşlərdə Karlos Sayns hamıdan sürətli olub.

Kokpit.az xatırladır ki, cümə günü ilk sərbəst yürüşlərdə Lando Norris, ikinci sərbəst yürüşlərdə isə Lyuis Həmilton zirvədə yer almışdı.

Üçüncü sərbəst yürüşlər günəşli hava şəraitində baş tutub. Sürücülər sıralanma turundan əvvəl sonuncu dəfə üçüncü sərbəst yürüşlərdə maşınlarını yoxlayıblar.

Sessiya üçün yaşıl işıq yananda trasa çıxan ilk sürücü yeddiqat Dünya Çempionu Lyuis Həmilton olub. Mercedes komandasının sürücüsü sessiyanın ilk beş dəqiqəsində Soft təkərlərlə tək başına dövrələr vurub və 1.14.178 zaman nəticəsi əldə edib.

Həmiltondan sonra trasa Medium təkərlərlə son Dünya Çempionu Maks Ferstappen çıxıb. Niderlandlı sürücü ilk dövrədən sonra Lyuis Həmiltondan 0.059 saniyə geridə qalıb və ikinci yerə oturub. Daha sonra qalan sürücülər Soft ya da Medium təkərlərlə trasa çıxıblar. Belə olan halda zaman ekranında sıralanma da dəyişib.

Bundan başqa Haas komandasının sürücüləri son sesssiyaya Hard təkərlərlə başlayıblar. İlk 20 dəqiqədən sonra Mercedes komandasından Corc Rassell Soft təkərlərlə 1.13.431 zaman nəticəsi göstərib və zirvəyə oturub.

Son dəqiqələrdə Lyuis Həmiltonla Ləns Stroll arasında xırda təmas olub. Daha sonra Həmilton radiodan bildirib ki, Aston Martin bolidini görməyib. Lakin bu insident stüardlar tərəfindən araşdırılmağa başlanıb və nəticəsinin sessiyadan sonra deyiləcəyi bildirilib.

Bundan başqa Lando Norris ilə Şarl Lekler arasında da təmas yaşanıb. Leklerin mühəndisi radiodan bildirib ki, insidenti görüb və Lando Norrisin maşını zədələnib.

Sessiyanın sonun doğru sürücülər sıralanma tempi üzərində işləməyə başlayıb və Karlos Sayns 1.13.013 zaman nəticəsi ilə zirvəyə oturub. McLaren komandasından Lando Norris sabiq komanda yoldaşından 0.030 saniyə geridə qalaraq, ikinci olub. Onu 0.037 saniyə fərqlə Şarl Lekler isləyib. Red Bull komandasından Maks Ferstappen isə 0.074 saniyə geridə dördüncü yeri tutub. Mercedes-dən Corc Rassell 0.151 saniyə geridə qalaraq, beşinci olub.

Lyuis Həmilton 0.346 saniyə fərqlə altıncı, Serxio Peres 0.710 saniyə fərqlə yeddinci yerdə qərarlaşıblar. Onluğu Aleks Elbon, Fernando Alonso və Oskar Piastri bağlayıblar.

Alpine komandasından Esteban Okon 1.13.950 zaman nəticəsi ilə 11-ci, Pyer Qasli 12-ci, Niko Hülkenberq 13-cü, Valtteri Bottas 14-cü, Kevin Maqnussen 15-ci, Daniel Rikkardo 16-cı, Ləns Stroll 17-ci olublar.

Son 3 yeri isə Yuki tsunoda, Qunayu Çjou, və Loqan Sarcent tutublar.

Rauf Hacıyev

Şərh əlavə et