Kokpit.az xatırladır ki, Red Bull komandasının son iki yarışda işləri çox çətinləşib. “Qırmızı Öküzlər” Mayamidə. McLaren-dən sonra ikinci yerə razı olublar. İmolada isə Maks Ferstappen demək olar ki, son döngəyə qədər Lando Norrislə mübarizə aparıb və qalib gəlib.
Lakin Helmut Marko düşünür ki, Monakoda Ferrari poul üçün ən böyük favoritdir. Monte Karlonun dar küçələrində isə son 20 ildəki yarışlarda poul qazanan sürücülər 13 dəfə qalib gəliblər.
Helmut Marko: “Bəli, bu çətinliklə mübarizə aparmalıyıq. Məncə, Monte Karloda Ferrari bizim üçün McLaren-dən daha böyük təhdid olacaq, çünki burada yarışın taleyi demək olar ki, sıralanma turunda həll olur. Burada bu çətinliyin öhdəsindən mütləq gəlməliyik”.
Ferrari komandasının sürücüsü Şarl Lekler vətəni Monakoda iki dəfə poul qazansa da, yarışda hələ də qələbə ya da podium əldə edə bilməyib.
Red Bull komandasının rəhbəri Kristian Horner isə İmoladakı templərinə görə McLaren-i əsas rəqib görür: “Məncə, McLaren ən böyük rəqibdir. Hazırda maşınları çox sürətlidir. Piastri bəzi sahələrdə sürətli görünürdü. Lando isə yarışının sonlarında çox sürətli idi. Ancaq Ferrari də onlarla yarışır. Yəni ki, qarşımızda 4 rəqib maşın var. Bu da sizin üçün əla şeydir”.
McLaren-in bolidi hazırda bütün növ döngələrdə sürətlidir. Buna görə də Kristian Horner Britaniya komandasını bütün traslarda favorit kimi görür.
Kristian Horner: “Son yarışlarda əsas rəqibimiz onlar idi və bolidlərini xeyli gücləndirdilər. Fəlsəfələri bizimkinə çox bənzəyir. Onların bütün traslarda güclü olmasını gözləyirik”.
Şərh əlavə et