Ümumiyyətlə, həmin həftəsonu heç də xoş hadisələrlə başlamayıb. Pis hadisələr məşqlərdə gənc Rubens Barikellonun qorxuducu qəzası, şənbə günü sıralanma turunda isə Roland Ratzenbergerin faciəvi ölümü ilə məhdudlaşmayıb.
Ayrton Senna 21 mart 1960-cı ildə San Pauluda doğulub. Ailəsinin varlı olması ona yarış qapılarını açıb və Ayrton gənc yaşda Avropaya üz tutub. Kartinq və aşağı seriyalardakı uğurlu çıxışlarından sonra Formula 1-də debütü 1984-cü ilə təsadüf edib – Senna ilk olaraq Toleman komandası üçün yarışıb.
Sonrakı il Lotusa keçib və Portuqaliyanın Eştoril trasında 41 F1 qələbəsindən ilkini qazanıb. Onun xüsusilə yağışlı havalardakı performansı diqqət çəkib. Nəhayət, 1988-ci ildə McLaren-ə, Alen Prostun yanına transfer edilib və Formula 1 tarixinin ən barışmaz, məşhur rəqabətinin əsası qoyulub.
İkili arasındakı münasibətlər həm trasda, həm də trasdan kənarda kəskinləşib. Bir-birilərini dindirməmək həddinə çatan iki sürücü hətta tras üzərindəki təmaslarla ardıcıl iki mövsümün titulunun taleyini həll ediblər. Senna McLaren ilə qazandığı üç çempionluqdan (1988, 1990, 1991) Williams komandasına üz tutub.
Əvvəlki illərdə titulları sıralayan bu komandaya Sennanın keçidi heç də uğurlu vaxtda olmayıb. Mövsümün əvvəlində bütün elektron köməkçi vasitələrdən istifadə qadağan edilib və Williams-ın hazırladığı maşın sürətsiz, etibarsız bolidə çevrilib. Mövsümə heç də yaxşı başlamayan Ayrton ilk iki yarışı pouldan başlamasına rəğmən, tamamlaya bilməyib.
Növbə İmola trasındakı San Marino Qran Prisinə gəlib çatıb. Senna Ratzenbergerin həlak olduğu faciəvi sıralanma turunda yenə poulun sahibi olub. Lakin yarışda Mixael Şumaxerin hücumlarından müdafiə olunmağa çalışarkən sürətli Tamburello döngəsində uğradığı qəza həyatının sonu olub…
Ayrton Senna trasların təhlükəli olmasından dəfələrlə şikayətlənib, tədbirlər görülməsini istəyib. Lakin heç kim onun bu tələblərinə faciəvi şəkildə ölənə qədər məhəl qoymayıb. Yalnız həmin hadisədən sonra Tmaburello kimi sürətli döngələr daha yavaşları ilə əvəzlənib. Bir çox traskənarı sədd yenidən hazırlanıb.
Bunun nəticəsində Formula 1-də uzun illər ölümlü qəza baş verməyib. Ta ki, 2014-cü ildə Jül Biyankinin Yaponiyadakı yarışda təxliyə maşının altına girərək komaya düşməsinə və aylar sonra ölməsinə qədər…
Bu gün bütün idman dünyası Sennanı anır. Təsadüfi deyil ki, Netflix platforması da onun haqqında çəkilən miniserialın treylerini mıhz hadisənin ildönümündə yayımlayıb. Serialın bu il platformaya yerləşdirilməsi gözlənilir.
Şərh əlavə et