Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Red Bull-a 100-cü poulu qazandırıb

Şanxaya sprint yarışının salınması bir tərəfdən yaxşı olub, digər tərəfdən isə əsas yarışın sıralanma turuna olan marağı azaldıb. Çünki sprint yarışında baş verənlər göstərib ki, qalib gəlmək potensialı olan sürücü üçün başlama mövqeyinin əhəmiyyəti yoxdur…

Kokpit.az xatırladır ki, həftəsonunun yeganə məşq sessiyasında Ləns Stroll qalib gəlib. Yağışlı havada baş tutan sprint yarışının sıralanma turunda Lando Norris xaotik vəziyyətdən yararlanaraq poula yiyələnib. Bu gün səhər baş tutan qısa yarışda isə Maks Ferstappen rəqiblərini keçərək asan qələbə qazanıb.

Pirelli buraya C2, C3 və C4 təkərlərini gətirib. Sıralanma turunda hava şəraiti tam dəyişib və sürücülər bu il burada ilk dəfə 35 dərəcəli asfalt üzərində mübarizə aparmalı olublar.

İlk sessiyada Sayns təkərlərə qənaət üçün Medium təkərlərlə çıxıb və həm də zədələnmiş maşını yoxlamaq istəyib. Yenə sürücülərə sıxlıq mane olub. Asfaltla ilişmənin az olması da şikayətlərlə nəticələnib. Peres və Elbon təmas yaşayıblar, meksikalı sürücü pitə qayıdıb. Ferstappen 1:34.742-lik nəticə ilə protokollara rəhbərlik edib. Sarcent, Tsunoda, Həmilton, Maqnussen və Çjou mübarizəni tərk ediblər.

İkinci sessiyada hamı Soft təkərləri taxıb. Lakin çox keçməmiş Saynsın qəzası qırmızı bayraqlara səbəb olub. Ön qanadı qırılan ispan sürücü özü pitə qayıda bilib. Marşallar zədələnmiş səddi bərpa edərkən Ferrari mexanikləri də Karlosun maşını üzərində işləyib onu hazır vəziyyətə gətiriblər. Sessiya davam etdirilib, Ferstappen yenə də heç kimə aman verməyib – 1:33.794. Qasli, Elbon, Okon, Rikkardo, Stroll üçün sıralanma turu başa çatıb.

Son sessiyada gərgin mübarizə keçib, lakin bu liderlik uğrunda olmayıb. Maks yenə də böyük fərqlə ilk sıranı alıb. Növbəti yerlərdə isə nəticələr sıx olub.

Maks Ferstappen mövsümdə 5-ci yarışda da poulu heç kimə verməyib. Bu, niderlandlı sürücünün karyerasında 37-cidir. Eyni zamanda, Red Bull komandasının tarixində yubiley 100-cü sıralanma turu qələbəsidir. Komanda həm də 28-ci dəfə start düzümündə ilk sıranı zəbt edəcək. İkinci sıradan Fernando Alonso və Lando Norris, üçüncü cərgədən isə Oskar Piastri və Şarl Lekler start alacaqlar.

Elçin Zodorov

Şərh əlavə et