Kokpit.az bildirir ki, ilk və üçüncü məşqlərdə Maks Ferstappen hamıdan sürətli olub. Yağışın damğa vurduğu ikinci məşqlərdə isə Lando Norris rəqiblərini üstələyib.
Pirelli burada təkərlər çox yeyildiyi üçün sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib.
Birinci sessiyada sürücülər təkərlərə qənaət etmək və tıxaclardan yayınmaq məqsədilə boksda daha çox qalmağı üstün tutublar. Trasa çıxan ilk sürücü startdan 5 dəqiqə sonra Maqnussen olub. Digərləri də tədricən mübarizəyə qoşulublar. Rassell boksdan ayrılarkən Piastri ilə toqquşma təhlükəsi yaşayıb – Oskar son anda sürətini azaldaraq qəzadan yayınıb. Hadisə daha sonra stüardlar tərəfindən araşdırılacaq. Protokola başçılıq edən Maks Ferstappen dövrəni 1:28.866-lıq nəticə ilə başa vurub. Çjour, Sarcent, Maqnussen, Qasli və Stroll növbəti mərhələdə mübarizə aparmağa haqq qazana bilməyiblər.
İkinci sessiyada Elbon ilk cəhdindən imtina edib, qalan sürücülər isə dərhal trasa çıxıblar. Ferstappen 1:28.740-lıq dövrə vurub. Hülkenberqin vaxtı tras hüdudlarını pozduğu üçün ləğv edilib. Maksın nəticəsi ən yaxşı olaraq qalıb. Bu dəfə mübarizəni dayandıranlar Okon, Elbon, Bottas, Hülkenberq və Rikkardo olublar.
Üçüncü sessiyada Ferstappen ilk cəhdində 1:28.240-lıq nəticə göstərib, ikinci cəhdində isə onu daha da yaxşılaşdırıb – 1:28.197. Komanda yoldaşı Peres isə ona cəmi 0.66 saniyə uduzaraq ikinci yeri tutub.
Beləliklə, Maks Ferstappen mövsümdə dördüncü, karyerasında isə 36-cı poulunu qazanıb. Niderlandlı sürücü ardıcıl 5-ci yarışa pouldan başlayacaq. Sabahkı yarışda ilk cərgəni Red Bull sürücüləri zəbt edəcək. İkinci cərgədən Lando Norris və Karlos Sayns, üçüncü cərgədən isə Fernando Alonso və Oskar Piastri start alacaqlar.
Yarış tempində üstün görünən Ferrari-lər Red Bull-a çata biləcəklər? Avstraliyadakı uğuru təkrarlamaq mümkün olacaq? Lando Norris yerini qoruya biləcək? Serxi Peres komanda yoldaşına diş göstərəcək? Bütün bu suallara sabah Bakı vaxtı ilə 09:00-da start götürəcək Yaponiya Qran Prisində cavab tapacağıq!
Şərh əlavə et