Xəbəri Kokpitdə Oxuyun!

Ferstappendən 3-də 3!

Albert Parkda təsnifat mərhələsi həmişə maraqlıdır. Baryerlərlə əhatə olunmuş trek səhvləri bağışlamır.

Kokpit.az xatırladır ki, ilk məşqlərdə Lando Norris, sonrakı iki sessiyada isə Şarl Lekler hamıdan üstün olub. Keçən yarışı əməliyyat olunduğu üçün buraxmalı olan Karlos Sayns sükan arxasına qayıdıb.

Aleksander Elbonun ilk məşqlərdəki ağır qəzası Williams-ı çətin vəziyyətdə qoyub – ehtiyat hissələr olmadığı üçün komanda cəmi bir maşınla qalıb. Lakin Elbonun xal qazanma ehtimalına görə Loqan Sarcentin maşını onun ixtiyarına verilib və beləliklə, sıralanma turunda 19 sürücü mübarizə aparıb.

Pirelli buraya yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib.

İlk sessiyada hamı birinci cəhdindən Soft təkərləri seçib. Leklerin nəticəsi fərqlənib – 1:17.244. Qasli pit-leyndən çıxarkən xətti tapdalayıb və stüardlar bu məsələni sıralanma turu başa çatdıqdan sonra nəzərdən keçirəcəklər. Alonso liderliyə yüksəlib, lakin 1:16.731-lik nəticə əldə edən Sayns onu zirvədən salıb. Çou, Rikkardo, Qasli və Hülkenberq mübarizəni dayandırıb.

İkinci sessiyada yenə maşınlara qırmızı təkərlər taxılıb və ilk cəhddə Ferstappen sürətli olub. Lakin Saynsın ikinci cəhddəki cavabı daha uğurlu olub və pnun nəticəsi ən yaxşı olaraq qalıb – 1:16.189. Okon, Maqnussen, Bottas, Elbon və Həmilton ilk onluğa düşə bilməyiblər.

Son sessiyada yenə hamı Soft təkərləri seçib. Ferstappen 1.16.048 ilə öz iddiasını ortaya qoyub. Alonso ilk cəhdində səhvə yol verərək çınqıllığa çıxıb və dərhal boksa qayıdıb. Stroll da sürətli dövrə şansını qaçırıb. Bordürə sərd hücum edən Piastri maşının altlığının yoxlanılmasını istəyib. İkinci cəhdlərdə Ferstappen nəticəsini daha da əlçatmaz edib – 1.15.915. Bu, sabahkı yarışa ən öndən başlamaq üçün kifayət edib.

Beləliklə, Maks Ferstappen mövsümün üçüncü yarışında üçüncü poulunu qazanıb. Bu, Maksın həm də ardıcıl dördüncü, karyerasında isə 35-ci poul nəticəsidir. Sabahkı yarışa onunla ən ön cərgədən Karlos Sayns başlayacaq. İkinci cərgə Serxio Peres və Lando Norrisin, üçüncü cərgə isə Şarl Lekler və Oskar Piastrinindir.

Avstraliya Qran Prisi sabah Bakı vaxtı ilə səhər 08:00-da baş tutacaq.

Elçin Zodorov

Şərh əlavə et