Xəbəri Kokpitdə Oxuyun!

FİA bin Sulayemlə bağlı araşdırma aparır

Ötənilki Səudiyyə Ərəbistanı Qran Prisinin nəticələrinə təsir etmək cəhdində şübhəli bilinən FİA-nın prezidenti Muhammed bin Süleymə qarşı daxili araşdırma başlanıb.

Kokpit.az BBC Sport-un məlumatına əsasən xəbər verir ki, federasiya həmin həftəsonu Aston Martin komandasının pilotu Fernando Alonsonun cərimələndiyi, lakin sonradan stüardların qərarına etiraz edildiyi və ikiqat dünya çempionunun nəticəsinin bərpa olunduğu hadisələrə müdaxilə etdiyi barədə məlumat alıb. Xatırladaq ki, həmin yarışda ispan sürücü üçüncü yeri tutmuşdu.

İndi federasiya yenidən sözügedən məsələyə qayıdıb, çünki FİA-nın etika komitəsi Sulayemin daha sonra FIA-nın Yaxın Şərq və Şimali Afrika regionu üzrə vitse-prezidenti Şeyx Abdullah bin İsa Əl Xəlifəyə zəng vurması və israr etməsi barədə məlumat alıb – məhz həmin zəngdən sonra Fernandonun 20 saniyəlik cəriməsi ləğv edilib.

Qeyd edək ki, həmin cərimə Alonso pit-stopda əvvəl aldığı 5 saniyəlik cəzanı çəkərkən onun bolidi üzərində qaydalarla qadağan olunan iş aparıldığına görə alınıb. Amma sonra əsasnamədə qeyri-müəyyən bir ifadə tapılıb və bunun sayəsində cərimə ləğv edilib. Yeri gəlmişkən, reqlamentin ikili şərhə imkan verən bu bəndinə sonradan düzəlişlər edilib.

Etika komitəsinin dörd-altı həftə ərzində araşdırmasını tamamlaması və hesabat verməsi gözlənilir. Nə FIA, nə də qurumun prezidenti BBC Sport-un vəziyyəti şərh etmək təklifinə cavab verməyib, lakin, Formula 1 rəhbərliyinin davam edən təhqiqat barədə artıq məlumatlandırıldığı məlumdur.

Bu, FİA prezidentinin hərəkətləri ilə bağlı suallar doğuran ilk hal deyil və əvvəlki hal bu yaxınlarda, federasiya Syuzi və Toto Volf barəsində məxfi məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başladığı zaman baş vermişdi. Bu hekayə çempionat iştirakçılarının həqiqətən qəzəbli reaksiyasına səbəb olmuşdu və istintaq çox tez bağlanmışdı. Lakin Mercedes komandasının liderinin həyat yoldaşı məhkəməyə müraciət edəcəyini söyləmişdi.

 

Elçin Zodorov

Şərh əlavə et