Birinci sessiya: Sayns lider, Alpine-lər geridə qalırlar.
Sıralanma turu başlayan kimi Ferrari və Alpine komandasının sürücüləri trasa çıxıblar. Medium təkərlərlə atılan ilk dövrələrdən sonra Sayna, Lekler, Okon sıralanması yaranıb. Qaslinin dövrəsi isə tras limitlərini aşdığı üçün silinib.
Lakin birinci sessiyanın sonlarına doğru komandalar Soft təkərlərlə trasa çıxıblar. Sessiyanın bitməsinə 6 dəqiqə qalmış bütün sürücülər ilk sürətli dövrələrini vurublar. Burada sürücülər ilk dəfə real güclərini göstəriblər. Birinci yeri Karlos Sayns tutub. O 1.29.909 zaman nəticəsi ilə zirvəyə yerləşib. İkinci yeri Ləns Stroll tutub. Maks Ferstappen üçüncü, Norris dördüncü, Alonso beşinci, Peres Altıncı, Lekler yeddinci yeddinci, Rassell səkkizinci, Elbon doqquzuncu olublar. Onluğu Həmilton tamamlayıb.
Qasli isə 20-ci olaraq, sonuncu yeri tutub. Ümumilikdə isə ilk sessiyadan sonra Valtteri Bottas, Quanyu Çjou, Loqan Sarcent, Esteban Okon və Pyer Qasli mübarizəni dayandırıblar.
İkinci sessiya: Red Bull özünə gəlir, amma Lekler liderdir.
İkinci sessiyada sürücülər trasa çıxmağa tələsməyiblər, amma ilk cəhdlərdən sonra Maks Ferstappen lider olub. Ondan sonra isə 0.5 saniyə geridə komanda yoldaşı Serxio Peres gəlib. Norris liderdən 0.567 saniyə geridə üçüncü olub. Onu Lekler, Alonso, Həmilton və Sayns izləyiblər.
İkinci cəhdlərdə isə Niko Hülkenberq sürpriz edərək ikinci yerə yüksəlib. Lakin ardıcıl dövrələrlə nəticələr inkişaf edib və sıralanma dəyişib. Ferstappen, Peres və Norris ikinci cəhdlərində nəticələrini yaxşılaşdıra bilməyiblər.
Lekler 1.29.165 zaman nəticəsi ilə sessiyanı zirvədə bağlayıb. Ferstappen ikinci, Sayns üçüncü, Həmilton 4-cü, Alonso 5-ci, Hülkenberq 6-cı və Rassell 7-ci olublar.
İkinci sessiyadan sonra Yuki Tsunoda , Ləns Stroll, Aleks Elbon, Daniel Rikkardo və Kevin Maqnussen sıralanma turu ilə vidalaşıblar.
Son Sessiya: Red Bull və Ferstappen qanadlanırlar
Mövsümün ilk son sessiyası başlayanda hamıya bir şey maraqlı idi: Ferrari və Red Bull arasında poul uğrunda mübarizə necə keçəcək?
Üçüncü sessiyada ilk cəhdlərdən sonra Ferstappen 1.29.421 zaman nəticəsi ilə lider olub. Lekler ondan sadəcə 0.059 saniyə geridə qalaraq, ikinci olub. Rassell isə 0.182 saniyə fərqlə üçüncü yerdə qərarlaşıb. Onları Sayns, Norris, Peres və Həmilton izləyiblər.
Alonso rəqibləri ilk cəhdlərini tamamladıqdan sonra trasa çıxıb və atdığı dövrə ilə üçüncü olub. Fərqli strategiyada olan Alonso pitə qayıtdıqdan sonra digər sürücülər ikinci cəhd üçün trasa çıxıblar.
Son cəhdində 1.29.179 zaman nəticəsi göstərən Ferstappen poul qazanıb. Bu onun karyerasındakı 33-cü poul olub. O, ilk sektorda aldığı hava kisəsindən maksimum yararlanıb.
Lekler isə son cəhdində nəticəsini çox yaxşılaşdıra bilməyib və ikinciliklə barışıb. Rassell nəticəsi i yaxşılaşdıraraq, üçüncülüyünü qoruyub. Beləliklə, ilk 3 yerdə 3 fərqli maşın olub. Karlos Sayns 4-cü, Peres 5-ci, Alonso 6-cı, Norris 7-ci, Piastri 8-ci, Həmilton 9-cu, Hülkenberq 10-cu olublar.
Şərh əlavə et